Bakı. İlhamə İsabalayeva – Trend:
Mövcud vəziyyətə görə 2020-2021-ci tədris ilinin ilk yarım ili üzrə şagirdlərin qiymətləndirilməsi ilə bağlı müəyyən yüngülləşdirilmələrin edilməsi vacibdir.
Bunu Trend-ə təhsil üzrə ekspert Elçin Süleymanov deyib.
E.Süleymanov hesab edir ki, pandemiya şəraitində dövlətin müvafiq qərarına uyğun olaraq, tədrisin təşkilinin bir neçə tərəfini düşünərək qiymətləndirmə aparılmalıdır. Mümkün olduğu qədər imtahan sayı və imtahan müddəti qısa olmalı, suallar sinif mühitindəki imtahanlara görə daha asan və konkret olmalıdır. Eyni zamanda, yuxarı siniflərdə şagirdlərə qrup işləri verilməlidir, onların qrup olaraq müəyyən tədqiqat aparmaq bacarıqları inkişaf etdirilməlidir.
Mütəxəssisin sözlərinə görə, orta məktəblərdə summativ qiymətləndirmələrin onlayn aparılması qaçılmazdır.
O əlavə edib ki, məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ olmaqla üç növdən ibarətdir. I siniflərdə summativ qiymətləndirmələrin keçirilmısi nəzərdə tutulmur. II-IV siniflərdə kiçik summativlər (KSQ) nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmır. Böyük summativ qiymətləndirmə (BSQ) yalnız V-XI siniflərdə aparılır. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdən həyata keçirilir. Yarım il qiymətləri BSQ aparılmayan fənlər üzrə KSQ ballarının ədədi ortası və ona uyğun qiymətə ("5” ballıq) əsasən yazılır.
Ekspert qeyd edib ki, müxtəlif proqramlar vasitəsilə şağirdlərin biliyini ölçmək və imtahanların maksimum şəffaflığını qorumaq mümkündür.
Belə proqramlara misal olaraq, "Classroom" platformasını göstərən E.Süleymanov qeyd edib ki, bu proqram şagirdlərə test və ya frontal sorğu ilə imtahan keçirəndə hər şağirdə eyni test sualını fərqli formada və cavabların yerini dəyişdirərək təqdim edə bilir. Proqram eyni zamanda, internet bağlantısı kəsiləndə yeni test tapşırığı təqdim edə bilir. Bunlardan başqa, müəllim imtahan vaxtı çalışmalıdır ki şağirdlər kameralarını açıq saxlasınlar və müəllimin onlarla göz təması kəsilməsin. Bu şagirdə imtahana daha məsuliyyətlə yanaşmasına səbəb olacaq:
"Eyni zamanda, mümkün olduğu halda şagirdlərin imtahanı çalışma masasında keçirməsi və sakit bir mühitdə olması tələb etdilməlidir. Müəllim şagirdin onlayn imtahanlarda verdiyi cavabı sadəcə özünün online dərsdə keçdiyi şəkildə yox, şagirdin müxtəlif imkanlarla başqa mənbələrdən də oxuya biləcəyini nəzərə alaraq, daha geniş konteksdə dəyərləndirməlidir. Çünki şagir həmin mövzunu teledərslərdə və ya virtual məşğələdə fərqli kontekslərdə mənimsəyə bilər".
E.Süleymanov hesab edir ki, onlayn tədrisin qiymətləndirilməsində şagirdlərin dərsə davamiyyətini nəzərə almamaq ədalətli olardı. Çünki bütün şagirdlərin internet və texnologiya əlçatanlığı eyni olmaya bilər.
Onun fikrincə, qiymətləndirmənin obyektiv və ədalətliliyi ilə yanaşı, onun keçirilən bütün mövzuları əhatə etməsi də əhəmiyyətlidir.
Mütəxəssis bunu da əlavə edib ki, ali təhsildə fənlərin qiymətləndirməsinin ümumi meyarlarını müvafiq icra orqanları müəyyənləşdirsə də, bir çox ali təhsil ocağında imtahanın forması və strukturunu müəyyənləşdirilmiş çərçivə daxilində fənn müəlliminin özü fənlərin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edir. Buna görə pandemiya dövründə ali təhsil müəsisələrində tədrisin ölçülməsi orta təhsilə nisbətən daha asandır. Müəllimlər fənnin mənimsənilməsini müxtəlif tapşırıq və kurs işlər ilə frontal və test imtahanları ilə apara bilirlər. Eyni zamanda, ali təhsildə imtahanın texniki təhlükəsizliyi orta təhsilə nisbətən daha güçlü qoruna bilir. Ali təhsildə tələbələrin imtahan vaxtı kameralarının açıq olması və monitorlarının müxtəlif proqramlarla izlənilməsi mümkündür. Orta təhsildə isə distant təhsilin obyektiv qiymətləndirilməsində müəyyən şətinliklər ola bilər.
Orta məktəblərdə summativ qiymətləndirmələrin onlayn aparılması qaçılmazdır.