...

“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2021 19:16 (UTC +04:00)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

15 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib. Onlayn formatda baş tutan görüşdə “myGov” şəxsi kabinet əsaslı elektron hökumət platformasının mobil tətbiqinin yeni imkanları İctimai Şuraya təqdim olunub.

Agentlikən Trend-ə bildirilib ki, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bu kimi görüşlərin və müzakirələrin keçirilməsinin vacibliyini vurğulayıb.

Görüş iştirakçılarına “myGov” elektron hökumət portalının mobil tətbiqində yaradılan yeni imkanlar barədə təqdimat edilib. Bildirilib ki, "myGov" mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. “Android” istifadəçiləri artıq tətbiqə barmaq izi, “iOS” istifadəçiləri isə həm barmaq izi, həm də üztanıma funksiyası ilə daxil ola bilirlər. "Playstore"dan əldə edilən rəylərə əsasən vətəndaşların yeni xidməti müsbət qiymətləndirdiyi vurğulanıb.

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın üzvləri məlumatlandırmaya görə öz minnətdarlığını bildirərək, optimallaşdırma və təkmilləşdirmə işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində “myGov”un şəxsi, maliyyə, əmlak, təhsil və digər məlumatlar haqqında vətəndaşı məlumatlandıran şəxsi kabinet əsaslı elektron hökumət portalı olduğu qeyd edilib.

“myGov”-da hesab açan vətəndaşların aşağıdakı üstünlükləri əldə etdikləri bildirilib:

- Sənədlərin fiziki daşınması məcburiyyəti aradan qaldırılır;

- Arayışların yalnız bir mənbədən əldə edilməsi təmin edilir;

- Məlumat və sənədlərə mobil cihaz vasitəsilə də çıxış yaranır;

- Dövlət portallarına bir mənbədən çıxış təmin edilir;

- Vətəndaşlar məlumatlarında dəyişiklik haqqında bildirişlər əldə edir;

- Qurumlarla əks-əlaqə imkanı yaradılır;

Hazırda portalda ümumilikdə 500 mindən çox vətəndaş qeydiyyatdan keçib, xidmətlərdən istifadə sayı təqribən 15.7 milyon təşkil edir. Bura inteqrasiya edilən sistemlərlə birgə “myGov”da vətəndaşlara 700-dən artıq elektron xidmətə çıxış təmin edilir.

Tədbir çərçivəsində, həmçinin elektron hökumət portalından çıxarılan arayış və çıxarışlar istiqamətində aparılan araşdırmanın nəticələri və bu nəticə əsasında hazırlanan təkliflər görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti