Bakı. Trend:
Ümid edirəm ki, Azərbaycanının din sahəsində təcrübəsi öyrənilməklə ümumdünya sülhünün bərqərar olunmasına yönəlmiş yeni bir təlim və ya nəzəriyyə meydana çıxacaq.
Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun müəllifi olduğu “Din və ideoloji təhlükəsizlik” adlı kitab haqqında Həsən Kərimzadənin yazdığı rəydə bildirilir.
Rəydə qeyd olunur: “Azərbaycan respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov 6 fəsildən ibarət olan “Dini və ideoloji təhlükəsizlik” adlı kitabında dünya miqyasında dini təhlükəsizliklə bağlı proseslər, mövcud təhdidlər və onunla mübarizə yolları, həmçinin dini inancların təhlükəsizliyinin, din azadlığının necə təmin edilməsi isttiqamətində Azərbaycan Respublikasının göstərdiyi təşəbbüslərdən söhbət açılmışdır. Kitabda fəsillər üzrə qeyd olunan mövzularla bağlı məlumatlar dünyada cərəyan edən proseslər baxımından böyük əhəmiyyət kəsb edir.
Həmin kitabın giriş hissəsində oxuyuruq: Din, modern dünyada mənəvi mərkəz rolunu oynamaqla yanaşı habelə qloballaşma, mədəniyyətlərarası əlaqələr, ümumi təhlükəsizliyin bərqərar olması kimi sahələrdə də beynəlxalq miqyasda strateji əhəmiyyətə malikdir. Xüsusilə də XX əsrin sonlarından etibarən dünya miqyasında dini inanclar çox nüfuzlu və təsirli faktorlara çevrilmişdir. Din özünün ilkin mahiyyətində tərəqqi yaradan amil idisə, zaman keçdikcə təhriflərə yol verildi. Bütün bu məqamlar dinin əsl funksiyası və məqsədi barədə məsələlərə diqqətli olmağı tələb edir. Dinin mənəvi dəyər çərçivəsində qalıb öz həqiqi funksiyasını həyata keçirməsi olduqca vacib məsələdir. Təəssübkeşlik, ehkamçılıq dini şüurun qapanmasına, nəticədə fanatizm və radikallığa yol açır.
Bu gün dünyada dinizəminli neqativ tendensiya və proseslərin yaranma səbəblərini müəyyənləşdirmədən mövcud gərginlikləri aradan qaldırmaq, potensial münaqişələrdən qaçmaq, demək olar ki, mümkün deyil. Qloballaşmanın sürətləndiyi bir vaxtda dünyada neqativ proseslər olduqca sürətlə cərəyan edir. Şübhəsiz ki, qlobal təhlükəsizliyin təmin edilməsi üçün dini təhlükəsizliyin bərqərar olması olduqca vacib məsələdir.
Təəssüflər olsun ki, dünya birliyi bu istiqamətdə müşahidə olunan neqativ tendensiyaların qarşısının alınmasında bir sıra gecikmələrə yol verir. Təbii ki, belə olduğu təqdirdə müsbət nəticələr əldə olunmur, əksinə dini zəminli münaqişələr davamlı xarakter alaraq daha da genişlənir. Qeyd olunan neqativ proseslərin təhlili və müasir dövrün çağırışları tələb edir ki, zamanında qabaqlayıcı diplomatik-siyasi və digər preventiv tədbirlər həyata keçirilməklə, eyni zamanda, dini radikalizm və ekstremizmin nəticələri ilə mübarizə aparmaqla yanaşı, onun yaranma səbəbləri də vaxtında araşdırılmalı və aradan qaldırılmalıdır.
Bir çox ölkələrdə müxtəlif siyasi cərəyanların idarə edilməsi, asayişin pozulması və ictimai-siyasi böhranların yaradılması istiqamətində dini inanclardan alət kimi istifadə edilməsi nəticəsində dini etiqadlar proqnozlaşdırılmayan siyasi davranışların formalaşmasına gətirib çıxarmışdır.
Dini radikalizm, ifratçı meyillər, məzhəbçilik, dinin siyasətə müdaxiləsi, qloballaşma prosesinə müdaxilə, ölkələrin konstitusyon quruluşlarının zorla dəyişidirilməsinə yönəlik cəhdlərin edilməsi, ölkələrin milli təhlükəsizliyini və dünya ictimaiyyətini ciddi təhlükələrlə üz-üzə qoymuşdur.
Şübhəsiz ki, dini inancların təhlükəsizliyinin təmin edilməsi beynəlxalq cəmiyyətlərin ümumi təhlükəsizliyinin təmin edilməsində mühüm şərt hesab edilir. Texnoloji inkişaf və yenilik informasiyanın sürətlə yayılmasına gətirib çıxarmışdır. Çox təəssüf ki, sosial şəbəkələr bəzən yanlış təbliğat, yalan və radikal xəbərlər üçün mühüm vasitə hesab edilməkdədir. Nəticə etibarilə dinlərin davamçıları arasında baş verən gərginliklər qanlı müharibələrə və humanitar faciələrə gətirib çıxarır. Bəşər övladı üçün böyük təhlükə hesab edilən bu cür təhdidedici proseslərin qarşısının alınması insanları narahat edən ən ümdə problemlərdəndir. Bu baxımdan beynəlxalq arenada dini təhlükəsizliyi təmin etmək üçün səmimi müzakirələrə və əməkdaşlıqlara böyük ehtiyac vardır.
Bu gün BMT və digər beynəlxalq təşkilatların dini təhlükəsizliyə qlobal təhlükəsizliyin tərkib hissəsi kimi baxaraq mövzu ətrafında beynəlxalq təcrübənin daim öyrənilməsi, təkmilləşdirilməsi üçün əməli fəaliyyətə keçməsi artıq zamanın çağırışıdır. Əks halda Səyavuş Heydərovun “Dini və ideoloji təhlükəsizlik” adlı kitabında qeyd olunduğu kimi dünya ictimaiyyəti sivilizasiyaların toqquşması prosesi ilə üz-üzə qala bilər.
Dünyada bu sahədə neqativ tendensiyaların cərəyan etdiyi bir vaxtda bu kitabla tanışlığım məni bir daha əmin etdi ki, Azərbaycan dövlətinin praktik təcrübədə insanların təhlükəsizliyinin təminatı məqsədilə təqdim etdiyi strategiya bütün dünya üçün qiymətli töhfədir.
Bu kitabda vurğulanır ki, Azərbaycan dövlətinin dini strategiyasına əsasən əldə olunmuş təcrübəyə görə əgər dünyanın hər hansı bir yerində vətəndaşların dini təhlükəsizliyi dövlət tərəfindən təmin edilərsə, orada gərginliklərin baş verməsinə səbəb olan mühit yaranmayacaqdır.
Bu arada qeyd etmək lazımdır ki, Azərbaycan, din-dövlət münasibətlərinin inkişafı sahəsində bir nümunədir. Din-dövlət münasibətlərinin inkişafının əsası Azərbaycanın böyük rəhbəri Heydər Əliyev tərəfindən qoyulmuş və hal-hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanı fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, burada problemlərin mahiyyəti və təhlükəliliyi vaxtında, düzgün dəyərləndirilərək ona qarşı mübarizə metodologiyası yaradılmışdır. Bu baxımdan qlobal təhlükəsizliyə dini mövqedən yönəlmiş təhdidlərin qarşısının alınması üçün mütərəqqi model kimi qəbul olunan Azərbaycanın multikulturalizm və tolerantlıq strategiyasının dərindən araşdırılması, eləcə də bu standartların həyata keçirilməsi mexanizmlərinin öyrənilməsi olduqca əhəmiyyətəlidir.
Aydın məsələdir ki, Azərbaycan, dini inancların təhlükəsizliyinin təmin edilməsi sahəsində sistematik olaraq müxtəlif maarifləndirici tədbirlər təşkil etməkdədir. Enerji daşınma xətləri ölkənin sosial-iqtisadi inkişafına gətirib çıxarmışdır. Bu inkişafın davamlı olması üçün siyasi və sosial təhlükəsizliyin təmin edilməsi zəruri əhəmiyyət daşıyır”.