...

UNEC rektoru: Yeni dərs ili və gözləntilər

Cəmiyyət Materials 23 İyul 2021 13:25 (UTC +04:00)
UNEC rektoru: Yeni dərs ili və gözləntilər

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov yeni tədris ilində dərslərin necə təşkil olunacağı barədə rəsmi Facebook səhifəsində öz fikirlərini paylaşıb.

“2020-ci ilin martından başlayaraq Azərbaycanda da distant təhsil alternativsiz yeganə çıxış yolu kimi qəbul edildi. Bütün dünyada olduğu kimi, minlərlə tələbə auditoriyalardan ekran və monitorların arxasına keçdi. Minlərlə müəllim öz mühazirə və məşğələlərini online formada keçirdi. Bu zaman ən çox səslənən fikirlərdən biri ondan ibarət oldu ki, online təhsilə keçid üçün mövcud olmuş bütün maneələrin aradan qalxmasına artıq heç bir problem yoxdur.

Həqiqətdə nə baş vedi? Doğrudur, distant təhsilə keçid texnoloji olaraq baş verdi. Amma metodoloji keçid baş vermədi. “Dünən” və “bu gün” arasında seçim etdik. Ali təhsilin “sabahı” bu gün diqqət mərkəzindədir. Bu gün də təhsillə bağlı böyük əksəriyyəti düşündürən əsas sual pandemiyanın nə vaxt bitəcəyidir. Bu sualın cavabı, şübhəsiz ki, ənənəvi təhsilə qayıdıb-qayıtmamaqla bağlıdır.

Bu baxımdan iki məsələnin vacib olduğunu düşünürük. Birincisi, demək olar ki, artıq böyük əksəriyyət qəbul edir ki, əvvəlki formada ənənəvi təhsilə qayıdış mümkün deyil. Heç lazım da deyil.

Bəs necə olsun?

Bu suala artıq cavab da bəllidir. Yəni, yeni təhsilin hibrid formada təşkil edilməsi daha məqsədəuyğundur. Hibrid formada dərslərin təşkilinə keçidin mərkəzləşdirilmiş, yoxsa universitetlər tərəfindən ayrılıqda həyata keçiriləcəyi məsələsi ən qısa vaxt ərzində həllini tələb edir. Hər iki halda müvafiq qərara ehtiyac var. Hətta pandemiyanın davam edəcəyi halda üz-üzə dərslərin təşkilini mümkün edən yanaşmaya da ehtiyacın olduğunu düşünürük. Dərslərin başlayacağı 15 sentyabra az vaxtın qalması bu məsələnin aktuallığını artırır.

İkincisi, distant təhsilin gələcəyinə də aydınlıq gətirmək vaxtıdır. Əminik ki, distant təhsil də dəyişəcək, son üç semestrdə tətbiq edilən distant təhsildən forma və məzmun baxımından əhəmiyyətli dərəcədə fərqli olacaqdır (olmalıdır!). Söhbət ilk növbədə təhsilalanların fərdi təhsil trayektoriyasının təhsilin əsas keyfiyyət amilinə çevrilməsindən gedir. Düşünürük ki, distant təhsillə bağlı da müvafiq yanaşmanın rəsmiləşdirilməsi tələb olunur və burada gecikmək arzuolunmazdır. Ali təhsilin gələcəyi baxımından distant təhsil qarşısında hər hansı bir ciddi maneə görünmür. Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq. Burada da distant təhsilə keçidin mərkəzləşdirilmiş, yoxsa universitetlər tərəfindən ayrılıqda təmin edilməsi əsas sualdır. Keyfiyyətli distant təhsilin həm də eksperimentlər, vaxt, resurs tələb etdyini və bu sahədə beynəlxalq təhsil rəqabətində sürətin həlledici amil olduğunu nəzərə alaraq, hazırkı mərhələdə mərkəzləşdirilmiş keçid məqsədəuyğun görünmür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti