...

Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ustad dərsləri” layihəsi davam edir (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2021 09:55 (UTC +04:00)

Bakı. Trend:

2021-ci ilin 8 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib.

BDU-nun Biologiya fakültəsinin “Molekulyar biologiya və biotexnologiyalar” kafedrasının professoru, biologiya elmləri doktoru Fərayət Əhmədova tərəfindən “Viruslar və onların insanda törətdiyi xəstəliklər” mövzusunda “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə MDU-nun müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantları, gənc akademik heyət üzvləri iştirak ediblər.

Mühazirədə professor F.Əhmədova virusların morfoloji quruluşu, ölçüləri, kimyəvi tərkibinə görə tipləri, fərqləndirici xüsusiyyətləri, disyunktiv çoxalması, çoxmərhələli həyat tsikli və mutasiyasından bəhs edib. Müxtəlif növ viruslar və onların insan orqanizmində törətdiyi xəstəliklərdən danışan professor hazırda bütün dünyanı bürüyən yeni növ koronavirus (COVID-19) infeksiyası, ona qarşı həyata keçirilən mübarizə tədbirləri və qorunma üsulları haqqında ətraflı məlumat verib.

MDU-nun tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan mühazirənin mövzusu ətrafında fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb. Professor F.Əhmədovaya və əməkdaşlığın inkişafına dəstəyi olan hər kəsə təşəkkürünü bildirən mühazirə iştirakçıları layihənin icrasından məmnunluqlarını ifadə ediblər.

İki ay müddətində 10 müxtəlif mövzuda ustad dərslərin təşkilinin nəzərdə tutulduğu layihə çərçivəsində növbəti mühazirə oktyabrın 15-də BDU-nun Hüquq fakültəsinin dekanı, İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının professoru, hüquq elmləri doktoru Əmir Əliyev tərəfindən “İnsan hüquq və azadlıqlarının təminatı mexanizmləri” mövzusunda keçiriləcək.

Qeyd edək ki, MDU-da ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin flaqman və ən qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın intensivliyinin və nəticəyönümlüyünün daha da artırılması məqsədilə hər iki universitet tərəfindən cari tədris ilində reallaşdırılması nəzərdə tutulan çoxşaxəli birgə fəaliyyət planı qəbul edilib. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti