Bakı. Çingiz Səfərli - Trend:
Azərbaycan Respublikasının Qırmızı Kitabının üçüncü nəşrinin hazırlanması istiqamətində işlər davam etdirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AMEA Zoologiya institutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədov məlumat verib.
Onun sözlərinə görə, kitaba salınacaq və oradan çıxarılacaq bəzi növlər artıq müəyyənləşdirilib və monitorinqlər aparılır:
"Son illərdə İnstitutda aparılan tədqiqat işlərinin nəticələrinə görə sədəf ilbizi – Unio mingrelicus və tibb zəlisi – Hirudo orientalis növlərinin saylarının azalması qeydə alınır. II nəşrə daxil edilmiş 3 növ su onurğasızı və 9 növ balığın monitorinqi ilə yanaşı, adıçəkilən növlərin və 2 sümüklü balıq növünün də Qırmızı Kitabın III nəşrinə daxil edilməsi məsələsinə aydınlıq gətiriləcək. II nəşrə Həşəratlar sinifinə aid 77 növ daxil edilib. III nəşrdə 14 növün siyahıdan çıxarılması, 55 növün isə əlavə edilməsi ilə yenilənmiş siyahıda olan növlərin sayının 118-ə çatdırılması təklif edilir. Digər tərəfdən II nəşrə 6 amfibi və 20 sürünən növü daxil edilib. Lakin 2013-cu ildən bu günə qədər növlərin bir çoxunun təsnifatında dəyişikliklər edildiyi üçün bu növlərin monitorinqi aparıldıqdan sonra yeni təsnifat statusu ilə Qırmızı Kitabın III nəşrinə daxil edilməsinə zərurət yaranıb".
E.Əhmədov bildirib ki, həmçinin, Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) siyahısına yüksək mühafizə statusu ilə daxil edilən 3 növün (Darevskia rostombekowi, Eremias pleskei, Natrix megalocephala), Qırmızı Kitabın III nəşrinə daxil edilməsi məsələsinə baxılması planlaşdırılır:
"Bundan başqa Qırmızı Kitabın II nəşrinə quşların 72 növü daxil edilib. Son illər ərzində növlərin bir çoxunun təsnifatında dəyişikliklər edildiyindən, faunaya anpropogen faktorların təsiri gücləndiyindən, Qırmızı Kitabın III nəşrində siyahıdan 4 növün çıxarılaraq yaşıl siyahıya salınması və əvvəlki siyahıya 15 yeni növün daxil edilməsi təklif edilir. Azərbaycan respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin məməli heyvanların yenilənmiş siyahısına, Quru onurğalıları labotatoriyasında aparılan tədqiqat işlərinin nəticələrinə əsasən Qırmızı Kitabın II nəşr məməli heyvan növləri siyahısından 8 növ məməlinin çıxarılması və 1 növünün daxil edilməsi planlaşdırılır. Ümumiyyətlə, Azərbaycanın «Qırmızı Kitabı»nın III nəşrinə, nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 279 növ heyvanın daxil edilməsi nəzərdə tutulur: Oligochaeta - 1 növ, Hirudinea – 1 növ, Mollusca - 3 növ, Crustacea - 1 növ, İnsecta - 118 növ, Pieces - 11 növ, Amhpibia - 6 növ, Reptilia - 20 növ, Aves - 83 növ, Mammalia - 35 növ".
Alim onu da qeyd edib ki, AMEA Zoologiya İnstitutunun entomoloqları tərəfindən aparılan monitorinqlər nəticəsində Azərbaycanın “Qırmızı kitabı”nın 3-cü nəşrinə daxil edilməsi planlaşdırılan növlərdən bəzilərinə (Anax imperator, Calosoma sycophanta, Rhaesus serricolli), Bubopsis andromache, Utetheisa pulchella, Saga ephippigera) rast gəlinib, onların Azərbaycanda yayılma xəritələrinə yeni qeydiyyat nöqtələri əlavə edilib:
"Hidrobioloqlar tərəfindən cari ildə Xəzər dənizinə, Lənkəran Təbii vilayətinin su hövzələrinə, eləcə də Kiçik Qızılağac körfəzinə yaz və yay aylarında ekspedisiya təşkil olunub. Göstərilən bölgənin su hövzələrindən toplanmış materiallar (əsasən onurğasız heyvanlar və balıqlar) hazırda təhlil olunmaqdadır. Herpetoloqlar qrupu tərəfindən cari ildə Abşeron yarımadası, Lerik, Yardımlı, Lənkəran, Şamaxı, Qobustan, İsmayıllı, Tovuz, Qax, Şəki, Naxçıvan MR, Şahbuz, Culfa və Ordubad rayonlarına ekspedisiyalar təşkil edilib və tədqiqat ərazisindən “Qırmızı Kitab” növlərinə aid material toplanılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, 2021-ci ildə Lerik rayonu ərazisində Zolaqlı çılpaqgöz (Ablepharus bivittatus) və Xarabalıq aqaması (Trapelus ruderatus) növlərinin yeni yayılma sahələri aşkar edilib. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib.
Qırmızı Kitab növlərinin öyrənilməsinə dair ornitoloqlar Quba, Şabran, Xızı, Şamaxı rayonlarında iyul, avqust və sentyabr aylarında həyata keçirdikləri tədqiqat işləri nəticəsində 6 növün (imperator qartalı - Aegypius monachus, çöl muymulu - Falco naumanni, şahin qızılquş - Falco peregrinus, adi arıyeyən - Pernis apivorus, qaragöz qızılquş - Falco subbuteo, cırtdan qartal - Hieraetus pennatus), Qusar, Ağdaş, Göyçay, Qəbələ, Qobustan, Yardımlı, Daşkəsən rayonları ərazilərinə təşkil olunan ekspedisiyalar nəticəsində 4 növün (leşyeyən ağkərkəs - Neophron percnopterus, keçəl qarakərkəs - Aegypius monachus, saqqallı kərkəs - Gypaetus barbatus, ağbaş kərkəs - Gyps fulvus) sutkalıq fəallıqlarına, biotopla trofik əlaqələrinə, saylarına, limit amillərinə dair materiallar toplanıb.
Terioloqlar tərəfindən tədqiqatlar Böyük Qafqaz ərazisində aparılıb, “Qırmızı Kitab”a daxil ediləcək Cırtdan ağdiş (Suncus etruscus), Kiçik köstəbək (Talpa levantis), Talpa talyschensi (Hirkan köstəbəyi), Hind tirəndazı (Hystrix indica), Cırtdan siçan, (Micromys minitus), Qafqaz qar siçanı (Chionomys gud), Kiçik Asiya qar siçanı (Chionomys roberti), bəbir (Panthera pardus), vaşaq (Lynx lynx), Bezoar keçisi (Capra aegagrus), Asiya muflonu (Ovis orientalis) növləri haqqında materiallar toplanıb.
Azərbaycan Respublikası Qırmızı Kitabının 3-cü nəşrinin hazırlanması üçün Yarasalar dəstəsindən (Chiroptera) olan növlər üzrə məlumatlar toplamaq üçün Azərbaycanın müxtəlif Təbii Vilayətlərinə ekspedisiyalar təşkil edilib. “Qırmızı Kitab”ın 2-ci nəşrinə daxil olan 12 yarasa növündən 8-i üzrə (Rhinolophus hipposideros - kiçik nalburun, Rh. mehelyi - eynəkli nalburun, Rh. ferrumequinum - böyük nalburun, Myotis blythii - itiqulaq gecə şəbpərəsi, M.emarginatus - üçrəng gecə şəbpərəsi, Barbastella caspica - Asiya enliqulağı, Eptesicus ognevi - səhra gönlücəsi, Miniopterus schreibersii - adi uzunqanadlı yarasa) materiallar toplanıb, original fotoşəkilləri çəkilib, məlumat bazası üçün səs qeydiyyatlıarı xüsusi olaraq yazılmış, spektoqramları əldə edilib".
E.Əhmədovun sözlərinə görə, 10 ildən bir beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycan Respublikasının Qırmızı Kitabında verilən siyahılar mütəmadi olaraq dəqiqləşdirilməli və yenidən nəşr edilməlidir. Kiçik Qafqazın böyük ərazisinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalması səbəbindən isə bir çox nadir və təsərrüfat əhəmiyyətli növlərin yaşadığı bu unikal regionun faunası nəzarətsiz qalıb. Oradakı vəziyyət naməlumdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qırmızı Kitabının III nəşri 2023-cü ildə hazır olacaq.
Twitter: @cingizsafarli