...

15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartının ləğvi təklif olunur

Cəmiyyət Materials 19 Noyabr 2021 11:01 (UTC +04:00)
15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartının ləğvi təklif olunur

Bakı. Elçin Mehdiyev - Trend:

15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarının fərdi identifikasiya kartının ləğvi təklif olunur.

Trend-in məlumatına görə, bununla bağlı “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi təklif edilir.

Qeyd edilir ki, həmin kart bu günədək təcrübədə tətbiq edilməyib. Belə ki, 2013-cü ildə “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanun qəbul edilib:

"Qanunun qüvvəyə minmə tarixi bir neçə dəfə uzadılmış və son uzadılma dəyişikliyi ilə həmin sənədin 2022-ci il yanvarın 1-dən verilməsi nəzərdə tutulmuşdur.

Fərdi identifikasiya kartının tətbiqi ilə bağlı müvafiq infrastrukturun yaradılması (kartın hazırlanması, şəkillərin çəkilməsi üçün avadanlıqların alınması, informasiya sistemlərinin istismara verilməsi üçün şəbəkələrə qoşulma və s.) üçün dövlət büdcəsindən təxmini olaraq 60 milyon manat vəsaitin ayrılması tələb olunurdu", - deyə məlumatda qeyd edilir.

Bundan əlavə qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın 5 yaşı tamam olduqda kartın dəyişdirilməsi, itirilməsi, korlanması, uşağın adının, soyadının, ata adının dəyişdirilməsi və digər səbəblərdən sənədin tez-tez əvəzlənməsi büdcə xərclərinin artmasına səbəb olacaqdı:

"2018-ci il 1 sentyabr tarixdən 15 yaşı tamam olmamış vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqəsinin verildiyi və həmin vəsiqədə olan məlumatların fərdi identifikasiya kartında olan məlumatlarla eynilik təşkil etdiyi nəzərə alınaraq, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqinə ehtiyac qalmır.

Bununla əlaqədar olaraq, layihədə “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı” sənədi ilə əlaqədar müvafiq Qanunun və məsələ ilə əlaqəli digər bəzi qanunların ləğv edilməsi nəzərdə tutulur", - layihədə bildirilir.

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti