Bakı. Çingiz Səfərli - Trend:
2022-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtı açıqlanıb.
Bu barədə Trend-ə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Yaz fəsli - Yaz gecə-gündüz bərabərliyi - 20 mart saat 19:33. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
Yay fəsli - Yay Günəş duruşu - 21 iyun saat 13:13. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73⁰.1) çatır. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san olacaq.
Payız fəsli - Payız gecə-gündüz bərabərliyi - 23 sentyabr saat 05:03. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.
Qış fəsli - Qış Günəş duruşu - 22 dekabr saat 01:48. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.
4 iyul saat 11:10-da Yer Günəşə ən uzaq - 152 098 455 km. məsafədən (afeli), 4 yanvar saat 10:52-də isə Günəşə ən yaxın - 147 105 052 km. məsafədən (periheli) keçəcək.