...

Mənzil İnşaatı Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı (FOTO)

Cəmiyyət 19 Yanvar 2022 15:02 (UTC +04:00)
Mənzil İnşaatı Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı (FOTO)

Bakı. Trend:

19 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirildi. İlk olaraq Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Agentlikdən Trend-ə bildirilib ki, tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov 20 Yanvar hadisələri haqqında məlumat verərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu bildirdi. Sadiq Sadıqov qeyd etdi ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir. 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də xalqımızın mübarizəsinin şanlı səhifəsi, müstəqilliyə gedən yol, milli qürur, iftixar günü kimi anılır.

20 Yanvar faciəsinə ilk olaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir. Şəhidlər Xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunmuşdur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.

20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncülləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.

Tədbirin sonunda Azərbaycan Dövlət Televiziyası tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə həsr olunan qısa sənədli film nümayiş etdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti