...

Prezident İlham Əliyevin sayəsində Qarabağ xalçaçılıq sənəti öz vətəninə qayıdır - Şirin Məlikova

Cəmiyyət Materials 28 Fevral 2022 14:40 (UTC +04:00)
Prezident İlham Əliyevin sayəsində Qarabağ xalçaçılıq sənəti öz vətəninə qayıdır - Şirin Məlikova

Bakı. Vüqar İmanov - Trend:

Rəşadətli Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı azad etməklə həm də Qarabağ xalça sənətini öz Vətəninə qaytarır.

Bunu Trend-ə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Şirin Məlikova deyib.

O bildirib ki, məlum olduğu kimi, bu il Şuşa şəhərinin Pənahəli xan tərəfindən əsasının qoyulmasının 270 illiyi tamam olur. Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilib. Şəhərin bərpası, burada həyatın dirçəldilməsi indi dövlətimiz üçün prioritet vəzifədir.

"Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkənin xalça sənətinə və bu sahədə çalışan insanlara böyük diqqət ayırırlar. Azərbaycanda xalçaçılıq milli sərvətdir və UNESCO-nun qeyri-maddi mədəni irs Reprezentativ siyahısına daxil edilib. Bu yaxınlarda Ağdam rayonunda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bir sıra mühüm obyektlərin açılışı ilə yanaşı, xalçaçılıq müəssisəsinin də təməli qoyulub.

Əlbəttə ki, muzeyimiz işğaldan azad edilmiş ərazilərin, Şuşa şəhərinin, onun mədəni həyatının dirçəlməsinə öz töhfəsini verməyə hazırdır. Biz bu istiqamətdə ilk addımı ötən il Heydər Əliyev Fondu muzeyimizin “Yenə doğma diyarda: Qarabağ incəsənət inciləri” adlı sərgisini Şuşada təşkil edərkən atmışdıq. Qeyd etmək lazımdır ki, 1987-ci ildən muzeyimizin Şuşada filialı mövcud olub. Axı Qarabağ təkcə Azərbaycan musiqisinin beşiyi deyil, həm də ölkəmizin digər maddi və qeyri-maddi mədəniyyət növlərinin xəzinəsidir. İncəsənət və sənətkarlığın bir çox növləri, xüsusən də xalçaçılıq da bu bərəkətli bölgənin səciyyəvi cəhətidir. Qarabağ xalçaları əsrlər boyunca bütün dünyada yüksək qiymətləndirilir, bu gün isə onlar xarici muzey və şəxsi kolleksiyaların inciləri hesab olunur.

Əvvəllər Mehmandarovlar ailəsinin keçmiş zadəgan mülkünün ərazisində yerləşən muzeyimizin filialında təkcə dəbdəbəli Qarabağ xalçaları deyil, həm də milli Qarabağ geyimləri və digər eksponatlar saxlanırdı. Təəssüf ki, Şuşada muzeyin filialının mövcudluğu uzun sürmədi, 1992-ci ilə qədər. Qarabağ münaqişəsi zamanı şəhərin ermənilər tərəfindən işğalından bir müddət əvvəl filialın eksponatları muzeyin o vaxtkı rəhbərliyi tərəfindən təcili şəkildə paytaxta köçürülüb. Demək olar ki, hər şeyi xilas edə bildik və o vaxtdan bəri bütün bu eksponatlar muzeyimizin binasında nümayiş etdirilir”, - deyə Şirin Məlikova bildirib.

Onun sözlərinə görə, uzun illərdir ki, bu əsərlər vətənə qayıdışını gözləyir və ötən il keçirilmiş, adı bu ideyanı əks etdirən sərgi onların qayıdışı yolunda ilk addım olub. Sərgidə Qarabağın müxtəlif bölgələrindən xalça nümunələri - xovsuz “Verni”, “Zili” xalçaları, xovlu “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, nadir “Zadəgan məclisi” süjet xalçası, o cümlədən xalça məmulatları, milli tikişlər, milli geyim dəstləri, bədii metal nümunələri təqdim olunub.

"Mən həmin sərginin muzeyimizin Şuşaya qaytarılması istiqamətində ilk addım olduğunu təsadüfən adlandırmadım. Yaxın gələcəkdə bizim Şuşa filialımız bərpa olunacaq. Təbii ki, bu, tamamilə yeni səviyyədə həyata keçiriləcək. Onun üçün saxlanılma şəraiti və eksponatların, ilk növbədə tekstil məhsulların nümayişi üçün bütün müasir tələblərə cavab verən bina ayrılacaq. Ekspozisiyanın məzmunu da dəyişəcək. Onun əsasını yenə də filialın orijinal eksponatları təşkil edəcək, lakin indi onlara əlavələr də ediləcək. Mən hələ ki, bu barədə ətraflı danışmaq istəmirəm. Bu, ziyarətçilərimiz üçün sürpriz olacaq. Bircə onu qeyd edim ki, son illərdə əldə edilmiş yeni eksponatlar təkcə ekspozisiyanı zənginləşdirməyəcək. Onlardan bəziləri mənşəyinə və tarixinə görə Birinci Qarabağ müharibəsinin faciəvi hadisələri ilə bağlıdır. Başqa sözlə, Qarabağ xalçaçılığının çoxəsrlik tarixinin palitrasına müasirlik koloritləri əlavə olunacaq”, - deyə o vurğulayıb.

Muzeyin direktoru “Şuşa ili” ilə bağlı planlardan danışıb.

"Xalça Muzeyi həmişə ölkədə baş verən hadisələrə həssaslıqla yanaşıb. Ona görə də biz "Şuşa ili"nə hərtərəfli hazırlaşırıq. Bu il ərzində muzeydə bu mövzuda çoxlu müxtəlif maraqlı, o cümlədən beynəlxalq tədbirlər keçiriləcək. Muzeyin əməkdaşları Şuşa şəhərinin və ümumən Qarabağın tətbiqi sənətinə dair bütöv bir sıra nəşrlər - yazılar və məqalələr hazırlayır. Fondlarla ekspozisiyanın yenilənməsi ilə bağlı fəal iş aparılır. Sentyabr ayına daha bir tədbirin keçirilməsi planlaşdırılıb. Bu, həqiqətən də möhtəşəm bir tədbirdir ki, muzeyimiz də bilavasitə bu prosesdə iştirak edəcək. Bu, Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərxalça” ASC ilə birgə keçirəcəyimiz Şuşa Xalça Festivalıdır.

Noyabr ayında Şuşanın erməni işğalçılarından azad edilməsinin növbəti ildönümündə muzeyimizdə Azərbaycanın qəlbi və ruhu olan bu şəhərə həsr olunmuş eksklüziv müasir xalçanın təqdimatı keçiriləcək. Bu xalça hazırda əməkdaşlarımız tərəfindən yaradılır. Onun tərkibinin detallarını hələ açıqlamayacağam. Muzeyin ənənəvi texnologiyalar şöbəsinin rəssamları artıq onun eskizini hazırlayıblar və indi muzey toxucuları bu iri və mürəkkəb işi görməyə başlayıblar”, - deyə Şirin Məlikova əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti