Bakı. Trend:
Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi - MÜSİAD Azərbaycan Saatlı rayonunda şəhid, qazi ailələri və rayonda yaşayan Axısqa türkləri ailələri üçün iftar təşkil edib.
Trend-in məlumatına görə, MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirlinin rəhbərliyi ilə təşkil edilən iftar mərasimində, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, MÜSİAD rəsmiləri, Milli Məclisin deputatları, iş adamları da iştirak ediblər.
Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını qonaqlara çatdırıb.
Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da dəstəyini davam etdirəcəyini vurğulayan C.Bağcı bildirib ki, Azərbaycan Ordusu qlobal güclərin, BMT-nin, ATƏT-in Minsk Qrupunun bərpa edə bilmədiyi ədaləti bərpa edib.
MÜSİAD-ın Azərbaycan idarə heyətinin sədri R.Cabirli qonaqlara təşəkkür edib və MÜSİAD Azərbaycan haqqında məlumat verib. R.Cabirli bildirib ki, MÜSİAD Azərbaycan 60-dan çox üzvü ilə 2 mindən çox insanı işlə təmin edir.
Qarabağ zəfəri və qardaş ölkə Türkiyənin Azərbaycana dəstəyindən danışan R.Cabirli qeyd edib ki, Türkiyə ilə Azərbaycanın dostluğu, qardaşlığı əbədidir.
“Biz MÜSİAD Azərbaycan olaraq bundan sonra da xalqımızın və dövlətimizin yanındayıq"-deyə R.Cabirli bildirib.
Qeyd edək ki, bundan əvvəl MÜSİAD Azərbaycan İsmayıllıda şəhid və qazi ailələri üçün iftar süfrəsi açıb.