Bakı. Trend:
Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku ən yüksək səviyyədə təşkil olunub.
Bu barədə Trend-ə yarışın iştirakçısı, Qazaxıstandan olan gimnast Eljana Taniyeva məlumat verib.
"Bakıdakı yarışlar Dünya Kubokunun mərhələləri arasında ən yaxşılarından biridir. Bakıdakı təşkilatçılıq əladır - hər bir ölkənin iştirakçıları üçün gözəl arena, məşq vaxtı və yerlər nəzərdə tutulub. Biz Azərbaycana yarış başlamazdan iki gün əvvəl gəlmişik və bu vaxt uyğunlaşmaq üçün kifayət etdi", - o deyib.
Təsnifat mərhələsindəki çıxışını təhlil edən idmançı bir sıra səhvlərə yol verdiyini qeyd edib.
"Lentlə məşqdə çox səhv etdim və dünən - halqa ilə proqramda dörd növdən yalnız ikisini sırf keçdim. Kubokda üzərində işlədiyimiz hər şeyi göstərmək istədim, amma indiyə qədər alınmadı. Ola bilsin ki, diqqətsizlik buna təsir edib”, - o əlavə edib.
Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.
Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.
3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.