Bakı. Trend:
Mingəçevir Dövlət Universitetində (MDU) “Fizika və ekologiya” kafedrasının nəzdində fəaliyyət göstərən “Ekologiya” tələbə elmi dərnəyinin təşkilatçılığı ilə Ümumdünya Yer Kürəsi Gününə həsr olunmuş “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda elmi-praktik seminarı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
MDU-dan Trend-ə bildirilib ki, tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev Ümumdünya Yer Kürəsi Gününün qeyd edilməsində əsas məqsədin cəmiyyətin və insanların diqqətinin Yerin və onun ekosisteminin problemlərinə cəlb edilməsi olduğunu qeyd edib və seminarın mövzusunun aktuallığını vurğulayıb.
Seminarın moderatoru, “Ekologiya” tələbə elmi dərnəyinin rəhbəri Gülmirə Məmmədova tədbirin proqramı haqqında ətraflı məlumat verdikdən sonra məruzələr dinlənilib.
MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Məleykə Həziyeva
“Sənaye sahələrinin bərk tullantılarının yaratdığı ekoloji
problemlər”, Leyla Əlizadə “Kənd təsərrüfatı, qida sənayesi
tullantılarının emalı və utilizasiyası”, Leyla Şükürova “Bərk
məişət tullantılarının yeni poliqonlarda idarə olunması”, Ziyad
Yusifzadə “Azərbaycanda bərk məişət tullantılarının təkrar emalı
sahəsində görülən işlər”, Səma Mustafayeva “Beynəlxalq miqyasda
tullantı biznesinin pərdə arxası” və Fatma Mirzəzadə “Azad olunmuş
ərazilərdə tullantıların idarə olunması” mövzularında məruzələrlə
çıxış ediblər.
Maraqla qarşılanan məruzələr seminar iştirakçılarının geniş
müzakirəsinə səbəb olub və mövzu ilə bağlı verilən çoxsaylı suallar
ətraflı şəkildə cavablandırılıb.
Qeyd edək ki, dünyada hər il 22 aprel tarixi Ümumdünya Yer Kürəsi Günü kimi qeyd olunur. Ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə MDU-da ekoloji təhsilin inkişaf etdirilməsinə və gənclər arasında ekoloji maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.