...

Bakıda ilanların müşahidə olunması ilə bağlı monitorinq aparılıb

Cəmiyyət Materials 4 May 2022 20:44 (UTC +04:00)
Bakıda ilanların müşahidə olunması ilə bağlı monitorinq aparılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər Bakı şəhərində, Elmlər Akademiyası yaxınlığında ilanların müşahidə olunması barədə ictimaiyyətə məlumat verilib, hətta videogörüntülər yayılıb.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, həmin faktla bağlı bir sıra TV kanalları vasitəsilə ictimaiyyətə izahat verilib. Həmin videoda görüntüsü verilən ilan Levantin gürzəsi olub və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ərazisində tikinti materialları yığılmış sahədə müşahidə edilib. Bu ilanın həmin ərazidə və ya ona bitişik olan digər ərazidə yaşaması və indi görünməsi mümkünsüzdür.

Bu fikirlər AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının əməkdaşları - dosent Təvəkkül İsgəndərov və Gülbəniz Qasımovanın Akademiya şəhərciyinin ərazisində ilan təhlükəsizliyi ilə bağlı apardıqları herpetoloji monitorinqlə bağlı hesabatda əksini tapıb. Hesabatda qeyd olunub ki, ümumiyyətlə, ilanın şəhər landşaftında, heç bir şəraiti olmayan bir mühitdə yaşayaraq qalması mümkün deyil. Bakı şəhərində ilanlara yalnız AMEA-nın Mərkəzi Nəbatat Bağında və şəhərkənarı boş ərazilərə bitişik sahələrdə rast gəlinə bilər. Şəhərin mərkəz hissələrinə ilanlar müxtəlif yollarla təsadüfən, məsələn, karxanalardan daşınan daş və ya qumla, ilan olan yerlərdəki açıq anbarlardan daşınan tikinti materialları ilə birgə gətirilə bilər.

Monitorinqlər zamanı Akademiya şəhərciyinin ərazisində heç bir ilan və ya onların yaşamasını sübut edəcək heç bir şərait (sakit, gözdən uzaq basırıq yerlər, ilan “qabığı”, ilan yemi olan siçankimilər, kərtənkələlər, quş yuvaları, yeraltı yuvalar və s.) aşkar edilməyib. Əksinə, ərazidə ilanların yaşamasını mümkünsüz edən şərtlər var: hər tərəf işlənilir, becərilir, suvarılır, intensiv insan iştirakı və fəaliyyəti var. Bu cür şəraitdə ilanların yaşaması mümkünsüzdür.

Monitorinq zamanı ərazidə çalışan işçilər, onların rəhbərləri ilə ilanlar və ilan təhlükəsizliyi barədə maarifləndirici və təlimatlandırıcı söhbətlər aparılıb, onlara təlimat kitabçaları paylanıb. Həmçinin ərazidə ilan təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti