Bakı. Trend:
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Müsəlman Dünyası ilə Ali Təhsil Dialoqu” proqramı çərçivəsində Almaniyanın Nürenberq şəhərində yerləşən Fridrix Aleksandr Universiteti (FAU) ilə əməkdaşlıq edir.
DAAD tərəfindən maliyyələşdirilən layihə Almaniya (FAU), Qazaxıstan (KazNPU) və Azərbaycan (ADPU) tərəfləri arasında elmi dialoq xarakteri daşıyır. Sözügedən layihənin ilkin mərhələsində ADPU-nun 2 nəfər fəlsəfə doktoru, 2 nəfər doktorantı və 1 nəfər məzunu keçirilən görüşlərdə iştirak edib. Layihənin ikinci ilində fəaliyyətlərə start verilib.
Cari ildə isə layihə çərçivəsində ADPU 1 nəfər inzibati, 3 nəfər akademik, 3 nəfər tələbə heyəti üzvü olmaqla 7 nəfər tərəfindən təmsil edilir. Təmsilçilər beynəlmiləlləşmə, beynəlxalq təhsil mövzularında keçirilən seminarlarda iştirak edib və təqdimatlar hazırlayaraq 3 ölkənin nümayəndələri ilə müzakirələr aparıblar.
Nürenberqdə yerləşən Sigmund-Schuckert gimnaziyasını ziyarət edən layihə komandası üzvləri gimnaziya ilə tanış olduqdan sonra şagirdlərlə alman təhsil sistemi ilə bağlı müzakirələrdə iştirak edib. Səfər zamanı təmsilçilər ADPU-nun FAU-da magistr səviyyəsi üzrə təhsil alan tələbəsi Həyat Nəsirova ilə görüşərək müxtəlif mövzularda müzakirələr aparıb.
Layihə çərçivəsində bir həftə davam edən Nürenberq səfərində ADPU Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, mərkəzin müəllimləri Mirvari Qasımova, Jalə Səmədova, Təhsilin təşkili və idarə olunması ixtisasının magistrantları Gülnar Mirhüseynova və Solmaz İbadova və Filologiya fakültəsinin ingilis dili müəllimliyi ixtisasının tələbəsi Nəzakət Əliyarova tərəfindən təmsil olunub.
ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova sözügedən layihə çərçivəsində “Mübadilə proqramları beynəlmiləlləşmə vasitəsi kimi” mövzusunda 1 ay FAU-da (Nürenberq) tədqiqat aparacaq.