...

İfaçıların nitqində qüsurların müəyyənləşdirilməsi məqsədilə monitorinqə başlanılıb (FOTO)

Cəmiyyət Materials 1 İyul 2022 15:15 (UTC +04:00)
İfaçıların nitqində qüsurların müəyyənləşdirilməsi məqsədilə monitorinqə başlanılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Mahnı janrı və Azəbaycan dili” adlı tədbir keçirilmişdir.

Trend xəbər verir ki, tədbirdə filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Əməkdar artist Aybəniz Haşımova , gənc şair Firdovsi Rəsul, aranjimançı Əvəz Muradov və mərkəzin əməkdaşları iştirak etmişlər. Tədbir ifaçılıq sənətində, xüsusilə mahnı janrında Azərbaycan dilinin praktik vəziyyəti və düzgün tətbiqi, mövcud problemlərin həlli ilə bağlı məsələlərin müzakirəsinə həsr edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva Azərbaycan musiqi sənətinin ayrılmaz hissəsi olan mahnı janrının xalqımızın mənəvi-estetik zövqünün formalaşmasında mühüm rol oynadığını bildirməklə ana dilinin şirinlik və həzinliyini, gözəllik və zənginliyini ifadə etmək baxımından da geniş imkanlara malik olduğunu diqqətə çatdırmışdır. Bəstəkarlıq məktəbimizin bir çox tanınmış simaları mahnı janrının inkişafında böyük rol oynayaraq Azərbaycan musiqi mədəniyyətinə dəyərli töhfələr vermiş, mövzu və məzmun müxtəlifliyi, musiqi və poetik dilin aydınlığı, rəngarəngliyi ilə seçilən ölməz əsərlər yaratmışlar. S.Əliyeva bildirmişdir ki, Azərbaycan dilinin ifaçılıq sənətində, xüsusən mahnı janrında qorunması və düzgün tətbiqi, ədəbi dil normalarına riayət olunması olduqca zəruridir. O, eləcə də son zamanlar teleradio məkanında bayağı musiqisi, bəsit mövzusu və dolğun məzmunu olmayan mahnılara geniş yer verildiyini təəssüflə qeyd etmişdir.

Mahnının yaranmasında söz, bəstə və ifanın vəhdətini mühüm amil kimi dəyərləndirən Mərkəzin baş mütəxəssisi Aygün Qurbanova bu sahədə ciddi probemlərin olduğunu bildirmişdir. O, hazırda mahnıların böyük əksəriyyətinin peşəkar bəstəkarlar tərəfindən deyil, həvəskar bəstəçi və aranjimançılar tərəfindən hazırlandığını qeyd edərək mahnı mətnlərinin də çox vaxt elə bəstəçi tərəfindən musiqinin ritminə uyğun olaraq, ədəbi janrın tələblərinə məhəl qoyulmadan yazıldığını bildirmişdir. A.Qurbanova ifaçıların nitqində dilimizə yad intonasiyaların mövcudluğunu, eləcə də vokal sənətinin digər dillərin fonetikası üzərində qurulmasını ciddi norma pozuntusu kimi dəyərləndirmişdir. İfaçıların nitqində bu kimi qüsurların müəyyənləşdirilməsi məqsədilə monitorinqə başlanıldığı da vurğulanmışdır.

Çıxış edən qonaqlar musiqi janrında söz və musiqinin vəhdəti, ifa zamanı orfoepiya normalarına riayət olunması, sözlərin düzgün vurğu ilə tələffüz edilməsi və s. məsələləri müzakirə etmiş, müəyyən söz yığınından ibarət mətnlərə bəstələnmiş bayağı mahnıların zəngin musiqi mədəniyyəti olan xalqımıza məxsus mənəvi dəyərlərə xələl gətirdiyini bildirmişlər.

Xəbər lenti

Xəbər lenti