Bakı. Trend:
QİÇS xəstəliyinə narkotik istifadəçilərinin daha çox yoluxduğu müşahidə edilir.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov 1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, bu xəstəlik özünü daha çox 25-49 yaş qrupunda göstərir: "Bu dövr həm də reproduktiv bir dövrdür. Qeyd edim ki, narkotik istifadəçiləri və risk qrupları arasında respublika QİÇS-lə mübarizə mərkəzi zəruri əks-epidemik tədbirlər aparır. Eyni zamanda vərəmin azaldılması layihəsi də fəaliyyət göstərir. Həmçinin, ötən 10 ildə ineksion narkotik istifadəçiləri arasında bu xəstəliyin ötürülməsi 2 dəfə azalıb", - F.Məmmədov bildirib.
Direktor qeyd edib ki, son 10 ayda İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadındır.