...

Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində təlimlərə başlanılıb

Cəmiyyət Materials 17 Yanvar 2023 00:08 (UTC +04:00)
Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində təlimlərə başlanılıb

Bakı. Trend:

ABŞ-da təsis edilmiş “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirdiyi layihələr davam edir.

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatından Trend-ə bildiriblər ki, ölkəmizdə müharibə iştirakçılarının, şəhid ailə üzvləri və qazilərin psixoloji reabilitasiyası istiqamətində dünyanın ən qabaqcıl təcrübəsini öyrənmək, bu sahədə mötəbər qurumlarla əməkdaşlıq qurmaqla dövlətimizin bu istiqamətdə gördüyü işlərə yaxından dəstək vermək, yerli mütəxəssislər hazırlamaq məqsədilə ötən ilin mayından həyata keçirilən “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” (APRİA) layihəsi çərçivəsində ikinci müalicə növünün təlim proqramına start verilib.

Qeyd edək ki, ötən ilin oktyabrında posttravmatik stres pozuntusu diaqnozlu xəstələr üçün ən səmərəli iki müalicə üsullarından biri koqnitiv işlənmə terapiyası üzrə 24 psixoloq üçün təlimlər təşkil olunub.

Bu dəfə isə ikinci müalicə üsulu sayılan Yazılı Ekspozisiya Terapiyası üzrə 17 psixoloq üçün təlim proqramları təşkil edilib. Layihəni uğurla başa çatdıran iştirakçılar arasından yaxın beş il ərzində həm də beynəlxalq təlimçi kimi Azərbaycanda peşəkar psixoloqların hazırlanması istiqamətində fəaliyyət göstərəcək mütəxəssislər hazırlanacaq.

Dekabrda yazılı ekspozisiya terapiyası üzrə 12 həftəlik ilkin təlimləri uğurla tamamlayan iştirakçılar müvafiq sertifikatlar aldıqdan sonra bu müalicə üsulu üzrə növbəti təlimlərə vəsiqə qazanıblar. 17 klinik psixoloq iki gün ərzində ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin yazılı ekspozisiya terapiyası üzrə icraçı direktoru Brayn Marks tərəfindən hibrid şəkildə təşkil olunan təlimlərdə iştirak edəcəklər. Bu mərhələdə pasiyentlərlə individual işlərin aparılması, tapşırıqlar, qiymətləndirmə meyarları və sair istiqamətlər üzrə psixoloqların növbəti mərhələyə hazırlıqları təmin ediləcək. Təlimlərin sonunda test olunacaq iştirakçılara praktik təcrübə və müalicə kursları üçün növbəti mərhələyə - superviziyalara başlayacaqlar.

Burada iştirakçılara beş sessiyalıq tapşırıqlar veriləcək, həmçinin protokollar üzrə müalicə olunan xəstələrin gedişatını izləmək üçün davamlı qiymətləndirmə (müalicədən əvvəl, ərzində və sonrası) üzrə razılaşdırılmış vahid yanaşmanın tətbiqi, təlim zamanı dörd posttravmatik stres pozuntusu diaqnozlu qazi ilə müalicə kursu keçməsi planlaşdırılır. Yaxın üç ay ərzində ABŞ ekspertləri layihə iştirakçılarına praktiki dəstək göstərəcək.

Hazırda “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” layihəsi çərçivəsində koqnitiv işlənmə terapiyası və yazılı ekspozisiya terapiyası kitablarının Azərbaycan dilində nəşri, həmçinin Azərbaycan dilində “CPT Coach” ilk psixoloji mobil tətbiqin yaradılması işlərini tamamlamaq üzrədir.

Qeyd edək ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan həmvətənlərimiz tərəfindən yaradılmış və hazırda Bakı nümayəndəliyinin xətti ilə müxtəlif dövlət və özəl qurumlarla şəhid ailələri və qazilərə yönəlik sosial layihələri icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti