Bakı. Trend:
Yaxın iki il ərzində Azərbaycanda yol hərəkətinin yaxşılaşacağı gözlənilir.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin "Şərq Tərəfdaşlığı" proqramının rəhbəri Ülviyyə Abdullayeva "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi üzrə layihə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilən ilk tvinninq layihəsidir.
"Bugünədək Aİ və Azərbaycan 50-ə yaxın tvinninq layihəsi reallaşdırıblar. Bu layihə bizə ilk növbədə Polşa və Litva ilə, həmçinin bu ölkələrin yol strukturları ilə əməkdaşlığı gücləndirməyə imkan verəcək", - o qeyd edib.
Ü.Abdullayeva Azərbaycanda yol təhlükəsizliyinin gücləndirilməsi üzrə dövlət proqramının qəbul olunduğunu və Avropa İttifaqının (Aİ) bu proqramın reallaşdırılmasına köməklik göstərmək niyyətində olduğunu deyib.
Aİ-nin Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi üzrə layihəsinin rəhbəri Andzey Maçevski də jurnalistlərə deyib ki, Aİ Azərbaycana yol sisteminin təkmilləşdirilməsində hərtərəfli dəstək göstərəcək.
"Təkcə nəqliyyat vasitələrinin qeydiyyatı və ya texniki baxışla əlaqəli deyil, həm də yol yoxlaması, yol auditi baxımından müvafiq qayda və qanunlar hazırlanmalıdır - bizim tərəfimizdən Azərbaycana bütün bu yardım tədbirləri göstəriləcək", - o deyib.
Onun sözlərinə görə, hazırda boşluqların müvafiq təhlili aparılmalıdır ki, bu da dəstəyə ehtiyacı olan kritik sahələri aşkarlamağa və bütünlükdə bu gün Azərbaycanda yol təhlükəsizliyi sisteminin idarəetməsinin necə çalışdığını aşkarlamağa imkan verəcək.
Qeyd edək ki, layihənin iki il ərzində, 2024-cü ilin oktyabr ayınadək həyata keçirilməsi planlaşdırılır. Layihənin büdcəsi 1 milyon avro təşkil edir.