Bakı. Trend:
Statistik məlumatlara görə, 2022-ci ildə Azərbaycanda 2877 xəstə ömründə ilk dəfə olaraq vərəm xəstəliyinə yoluxub. Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
Trend İradə Axundova müsahibəni təqdim edir:
- İradə xanım, ilk öncə vərəm və xəstəliyin əsas əlamətləri haqqında məlumat verərdiniz...
- Vərəm yoluxucu xəstəlikdir. Xəstəliyin əsas yoluxma mənbəyi -
Vərəm Mikobakteriyası (Mycobacterium Tuberculosis) ifraz edən
ağciyər vərəmi olan xəstələrdir. Bu xəstələrin öskürməsi və
asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi
ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox
müşahidə edilir. Bundan başqa, vərəmə qida, təmas və s. yollarla da
yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib
olsa da, başlıca faktor deyil. Vərəm çöpləri ilə yoluxanlar
arasında xəstələnənlər daha çox ilk dəfə yoluxanlar arasında olur.
Bu üsul ilə təkrar yoluxanlarda isə xəstələnməyə daha az rast
gəlinir.
Xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir. Ağciyər vərəminin
müxtəlif formalarında müşahidə edilən əlamətlər - 3 həftədən çox
davam edən öskürək, bəlğəm ifrazı, hətta bəlğəmin qanlı olması, döş
qəfəsində ağrı, gecələr intensiv tərləmə, təngnəfəslik,
iştahsızlıq, arıqlama, halsızlıq, yorğunluq hissi və qanhayxırmanın
olmasıdır.
- Hazırda ölkəmizdə neçə nəfər vərəm xəstəsi var?
- Statistik məlumatlara görə, 2022-ci ildə Azərbaycanda 2877 xəstə ömründə ilk dəfə olaraq vərəm xəstəliyinə yoluxub. Xəstələnmə göstəricisi - 100 000 respublika əhalisinə - 28,4 təşkil edib. Təkrar (residiv, uğursuz müalicədən sonra, müalicəsini dayandırılması ilə əlaqədar, nəzarətdən yayılan və digər xəstələr) - 2292-dir. Yalnız residivi olan bu rəqəmdən (yəni, sağalandan sonra vərəm ilə yenidən yoluxan xəstə) - 1112 təşkil edib. Cəmi 2022-ci ildə 5169 xəstə rəsmi qeydiyyatdadır. Vərəm Mikobateriyasının həssaslığı qorunmuş xəstələrin sayı - 1301 ilkin xəstələr arasında, 1494- təkrar xəstələr arasındadır. Bu rəqəmlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müəyyənləşdirilib.
- Kimlər risk qrupunda hesab olunur?
- Risk qrupunda olanlara aiddirlər: İİV ilə yoluxanlar, şəkərli
diabet xəstəliyi olan, hemodialız alan xəstələr, kimyaterapiya alan
onkoloji xəstələr, hormonal preparatlar qəbul edən, orqan
köçürülməsi əməliyyatları icra olunmuş şəxslər, qidalanması,
yaşayış şəraiti aşağı səviyyədə olanlar, zərərli vərdişləri
(alkoqol, siqaret və narkotik aludəçiləri) və s. olan şəxslər bu
xəstəliyə daha çox tutulur. Bu qrup insanları aktiv şəkildə
skrininq müayinələrə cəlb etmək lazımdır.
Vərəm xəstəliyi nə qədər erkən aşkar edilib, tez bir zamanda düzgün
müalicəyə başlanılarsa, nəticəsi bir o qədər effektli olar. Bir
şeyi unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni
vərəmin ən məhdud forması olan xəstə minimum 6 ay fasiləsiz müalicə
olunmalıdır. Bununla yanaşı, müalicə vərəm əleyhinə dərmanlara
həssaslığın nəticəsindən asılı olaraq ən azı 4 vərəm əleyhinə
preparatla birgə kompleks aparılmalıdır. Bir çox hallarda vərəm
erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji
proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını
təyin etmək mümkün olmur.
- Hansı halda vərəm xəstələrinə cərrahi müdaxilələr tövsiyə olunur?
- Məlumdur ki, vərəm xəstələrinin müalicəsinin əsasını səmərəli
kimyəvi terapiya təşkil edir. Bütün vərəm xəstələrinin müalicəsinə
başlamazdan əvvəl əsas vərəm əleyhinə dərman vasitələrinə
həssaslığın yoxlanılması zəruridir. Müalicədə cərrahi müdaxiləyə
göstərişlər aşağıdakı halların yüksək ehtimalı olduğu zaman
yaranır:
• müalicənin uğursuz olması;
• qalıq əlamətlər fonunda residivlərin baş verməsi;
• vərəm xəstəliyinin fəsadlarının əmələ gəlməsi.
Cərrahi müalicəyə göstərişlərin müəyyən edilməsi üçün ən yaxşı
yanaşma taktikası müalicəyə başlamazdan əvvəl onun nəticələrinin
proqnozlaşdırılmasıdır. Müalicənin uğursuzluqla nəticələnmə
ehtimalı yüksək olduqda, cərrahi müdaxilə kimyəvi terapiyaya
başlanmazdan əvvəl planlaşdırılır və müalicənin fonunda aparılır.
Cərrahi müdaxilə üçün ən əlverişli vaxt – kimyəvi terapiya fonunda
vərəmin fəallığının ən aşağı səviyyəyə endiyi zamandır. Cərrahi
müdaxilə vərəm prosesi aktivləşməmişdən və ya proqressivləşməmişdən
əvvəl aparılmalıdır. Cərrahi müdaxilənin tətbiqinə əsas
əks-göstəriş xəstənin tənəffüs və ürək-damar fəaliyyətinin
qiymətləndirilməsindən və əməliyyatdan sonrakı dövr üçün verilən
proqnozlara əsasən müəyyən edilir.
- Xəstəliyin müalicə dövründə hansısa kosmetoloji prosedurları etmək (döymə, pirsinq) təhlükəlidirmi?
- Mən bir həkim kimi əminliklə deyə bilərəm ki, vərəm xəstəliyinin müalicəsi zamanı sadalanan kosmetoloji prosedurları etmək məsləhət görülmür. Xəstə yalnız öz müalicəsinə və tam sağalmağa diqqət yetirməlidi.
- Vərəmdən qorunmaq üçün nəyə diqqət edilməlidir?
- Hava-damcı yolu ilə ötürülən infeksiyaya yoluxmaqdan qorunmaq
üçün bir neçə qaydaya əməl etmək lazımdır:
• başqasının üstünüzə öskürməsinə icazə verməyin;
• öskürən şəxslə uzun müddət bir yerdə qalmayın;
• öskürən insan olan yerin havasını imkan daxilində tez-tez
dəyişin.
Vərəm mikobakteriyaları günəş şüalarının, yüksək temperaturun və
xlor tərkibli maddələrin təsirindən tez məhv olur. Buna görə də
otaqların havasını mümkün qədər tez-tez dəyişmək və orada gündə 2-3
dəfə nəm təmizləmə işləri aparmaq, yun və pambıq yorğanları günə
vermək vacibdir. Evdə vərəmli xəstə varsa, onun paltarlarını
tez-tez günəş şüaları altında sərmək, ütüləmək və evdən kənar yerdə
təmizləmək lazımdır. Vərəmli xəstənin yaxınları və qohumları öz
sağlamlıqlarını unutmamalıdırlar. Onlar ildə heç olmasa bir dəfə
həkim-ftiziatra baş çəkməli, xəstəliyin simptomları yarandıqda isə
həkimə təcili müraciət etməlidirlər.
Vərəm xəstəliyindən qorunmaq üçün bəzi sadə qaydalara da əməl etmək
lazımdır:
• Gigiyena qaydalarına ciddi riayət edin. Xüsusilə çöldən evə
qayıtdıqdan sonra mütləq əllərinizi yaxşı yuyun, ictimai yerlərdə
üzünüzə, gözlərinizə, ağzınıza toxunmayın. Evin bütün səthlərini
tez-tez nəm əski ilə silin, evin havasını gündə bir neçə dəfə
dəyişin.
• Yaxşı qidalanın. Qidalanmada mütləq zülallarla zəngin olan
məhsullar (ət, yumurta, süd məhsulları) olmalıdır. Zülallar immun
sisteminin normal fəaliyyəti üçün ən vacib olan maddələrdir;
• Siqaret çəkməkdən imtina edin. Siqaret çəkən insanlar vərəm
infeksiyasına görə risk qrupuna daxildir;
• İdmanla məşğul olun, hər gün açıq havada gəzin;
• Stresli vəziyyətlərdən qaçın. Stress immun sistemini zəiflədir
ki, bu da infeksion və digər xəstəliklərin inkişafına şərait
yaradır.