...

Qaradağ rayonunda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirildi - (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2023 16:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.2.3 bəndinin (Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi) icrası ilə əlaqədar 11.04.2023-cü il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə birgə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirildi.

Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyətinin başçısının müavinləri və şöbə müdirləri, YAP Qaradağ rayon Təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva, rayon məktəblərinin direktorları, dil və ədəbiyyat müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbirdən əvvəl Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqları salamlamış, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində bu tədbirin keçirilməsinin mühümlüyünü söyləmişdir: “Milli mənəvi dəyərlərimizə diqqət qayğı göstərən, onlara yüksək qiymət verən Ulu Öndərimiz dilimizin də qorunmasına və inkişafına daim həssaslıqla yanaşmışdır.

Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoymuşdur.

Sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul etmişdir. Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı 1995-ci ildə keçirilən müzakirədə Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbayan Respublikasının Dövlət dili kimi təsbit olundu”.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva çıxışında bildirmişdir ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin davamlığının daha bir təzahürüdür. Ölkənin geniş ictimaiyyəti, ziyalılar, eləcə də filoloqlar bu sənədi dilimizin işləkliyi və saflığının təmin edilməsi ilə bağlı son vaxtlar artmaqda olan ictimai narahatlığa dövlət başçısı İlham Əliyevin həssas və tələbkar münasibətinin daha bir təzahürü kimi qarşılamışlar.

Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qorumuş, indiki biçimdə formalaşdırmışdır. Xalqımızın milli varlığının ən başlıca əlaməti və daşıyıcısı olan Azərbaycan dilinin qorunub zənginləşdirilməsi uğrunda mübarizə milli istiqlal mücadiləsinin, dövlətçiliyin dirçəldilməsi və bərpası uğrunda ümumxalq mübarizəsinin ən önəmli cəbhələrindən biri olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva milli varlığın qorunması və ümumxalq həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsi olduğunu qeyd etdi. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam mənada gerçəkləşdirilməsinə, suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir.

YAP Qaradağ rayon Təşkilatının sədri Qafar Əliyev çıxışında Ulu Öndərin gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət gördüyünü diqqətə çatdırmışdır. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır. Azərbaycan dili barədə Ümummilli Lider Heydər Əliyevin qoyduğu ənənə hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən müdrikcəsinə davam etdirilir.

Tədbir sual-cavab formatında davam etmiş, gənclərimizin tərbiyəsində ana dili faktorunun təbliğ edilməsi tövsiyə edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti