...

BDU-da Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

Cəmiyyət Materials 26 May 2023 21:42 (UTC +04:00)
BDU-da Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.

Bu barədə Trend-ə BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 105 il əvvəl mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu, Türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. Bu şanlı tarix Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində təsdiq etdiyi “Müstəqillik Günü haqqında” Qanunla Müstəqillik Günü kimi qəbul edilib. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlayıb: “Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində iz qoyan tədbirlər həyata keçirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, 1918-ci il iyunun 27-də “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında”, avqustun 11-də isə “Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında” qərarlar qəbul edildi. Dövlətin bayrağı, himni və gerbi təsis edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi”.

Rektor qeyd edib ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun qəbul etdi: “Milli universitetin yaradılması Cümhuriyyət xadimlərinin xalq qarşısında çox mühüm tarixi xidməti idi. Ümummilli Lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək deyib ki, “əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir”. Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirib, Cümhuriyyətin şərəfinə “İstiqlal bəyannaməsi” abidəsi ucaldılıb, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir. Müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır”.

Sonra Milli Məclisin deputatları Rafael Hüseynov, Aydın Hüseynov, BDU-nun Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Maliyyə menecmenti kafedrasının müdiri Kamran Eyyubov çıxıb ediblər. Vurğulanıb ki, Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa müvəffəq olub.

Tədbir bədii hissə ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti