Bakı.Trend:
“Xalqımızın sahib olduğu ən böyük dəyərlərdən biri də Ana dilimizin varlığıdır. Bu dəyər Azərbaycan xalqının qədimliyini, kimliyini göstərən əsl mənəvi sərvətimizdir. Əzmkar və müdrik xalqımız zaman-zaman öz Ana dilini yad ünsürlərin təzyiqlərindən qoruyaraq daim inkişaf etdirmişdir. Belə ki, Azərbaycanda hökmranlıq edən xarici qüvvələr əsrlər əvvəl xalqımızın dilini assimilyasiya edir, öz dillərini yaymağa çalışırdılar. Müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan qəhrəman xalqımız öz dilini də unutmamış, yadellilərdən qoruya bilmişdir. Həmçinin Azərbaycan dilinin yaşamasında, inkişafında, zənginləşməsində milli ədəbiyyatımızın da əhəmiyyəti böyük olub. Lap qədimdən başlayaraq klassiklərimiz bu dildə böyük əsərlər yaradaraq xalqımızın savadlanmasında, milli şüurunun inkişafında, özünüdərkində mühüm rol oynamış, daim Ana dilimizin zənginləşməsinə və yayılmasına çalışmışlar. Eləcə də XIX əsrin ortalarından başlayaraq Ana dilimizdə məktəblərin açılması ideyasını gündəmə gətirən, bu yolda çəkinmədən mübarizə aparan tərəqqipərvər ziyalılarımızı - Mirzə Fətəli Axundzadəni, Abbasqulu ağa Bakıxanovu, Həsən bəy Zərdabini, Mirzə Kazım bəyi və digərlərini qeyd etmək istərdim. Onlar Azərbaycan dilində təhsil ocaqlarının yaradılmasında və uşaqların həmin məktəblərə cəlb edilməsində yorulmadan çalışmışlar”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, sovet hakimiyyəti dövründə milli dil məsələsinin nə qədər həssas olduğu hamımıza məlumdur: “Hətta 30-cu illərdə Ana dilini gündəmə gətirənlər təqib olunur, repressiyalara məruz qalır, Sibirə sürgün edilirdilər. Həmin illərdə minlərlə soydaşımız milli məsələlər səbəbindən güllələndi. 70-ci illərdə də sovet respublikalarında dillərin sıxışdırılması prosesi davam edirdi. Amma buna baxmayaraq, həmin dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bütün sahələrə olduğu kimi, milli məsələlərə də diqqət yetirir, o cümlədən Azərbaycan dilinin qorunması, inkişafı istiqamətində cəsarətli addımlar atırdı. Əminliklə deyə bilərik ki, xalqımızın Ümummilli Lideri Ana dilimizi həmin dövrdə kənar müdaxilələrdən, təzyiqlərdən xilas etdi, onun işlənməsi, daha da zənginləşməsi naminə zəruri işlər gördü. Heydər Əliyev respublikamızda keçirilən bütün rəsmi tədbirlərdə səlis nitqi ilə öz Ana dilində danışır, onun saflığını, təmizliyini qorumağa çalışırdı. Həmin dövrdə, təbii ki, böyük hünər tələb edən bu işləri yalnız xalqına, vətəninə, soy-kökünə bağlı qətiyyətli şəxsiyyətlər edə bilərdi. Hətta Ulu Öndər 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Ana dilimizə dövlət dili statusu qazandırmaqla böyük bir tarixi missiyanı şərəflə yerinə yetirmişdir”.
“Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanı qurarkən də Ana dilimizi diqqətdə saxlayır, onu uca tuturdu. Məhz onun xidmətləri sayəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili oldu. Dövlətimizin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi, həmçinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldı, fərmanlar imzalandı, Dövlət Dil Komissiyası yaradıldı, Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi, dövlət dili haqqında qanun qəbul olundu. Bütün bunlar Ulu Öndərin Ana dilimizə olan qayğısının və onun inkişafına verdiyi töhfənin göstəricilərdir”, - Milli Məclisin deputatı bildirib.
“Dövlətimizin dil siyasətini Prezident İlham Əliyev daim diqqətdə saxlayır, dilimizin yüksək səviyyədə qorunması və inkişaf etdirilməsi qayğısına qalır. Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, milli ensiklopediyamızın hazırlanması, xarici ədəbi-bədii əsərlərin Azərbaycan dilində nəşri və digər bu istiqamətdə görülən işlər Ana dilimizin saflığının və zənginliyinin qorunmasına xidmət edir. Fəxarətlə deyə bilərik ki, bu gün 50 milyondan artıq soydaşımız sevə-sevə bu dildə danışır. Məhz Ana dilimiz müqəddəs Vətənimiz kimi, xalqımızı varlığının, birliyinin, həmrəyliyinin əsas təminatçısıdır. Əlbəttə, hər bir azərbaycanlı ilk növbədə Ana dilimizin qayğısına qalmalı və onu qorumaq üçün əlindən gələni əsirgəməməlidir”, - Səttar Möhbalıyev qeyd edib.