Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi 15 ilə yaxındır ki, peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə 7/24 saat xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa tibbi təxliyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir. Bu illər ərzində Təcili Tibbi Yardım şöbəsinin yüksəkixtisaslı tibb personalının vaxtında göstərdiyi ilk tibbi yardım minlərlə xəstənin sağalmasında mühüm rol oynayıb.
Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili yardım maşınları ən müasir portativ tibbi avadanlıqla təchiz olunub. Bu da diaqnostik-müalicəvi prosedurların tez və keyfiyyətlə aparılmasına, xəstələrin daşınması zamanı monitorinq və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Həmçinin, pediatrik briqada yeni doğulmuş körpələrin xüsusi kuveyzlə daşınmasını, evdən laborator analizlərin götürülməsini, evdə və iş yerlərində ekspres-testlərin aparılmasını həyata keçirir. Təcili Yardım maşınlarının komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir: pasiyent xəstəxanaya aparılarkən yolda müalicə almağa başlayır.
Bəzən bir insan həyatı ona göstərilən ilk tibbi yardımdan asılı olur. Lazımi yerə vaxtında çatmaq, zərərçəkənə ilk yardımı düzgün göstərmək bu şöbənin tibb personalının fədakar əməyini, məsuliyyətini, var-qüvvələri ilə çalışmalarını nümayiş etdirir. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin yüksəkixtisaslı tibbi briqadası istənilən çağırış ünvanına ən qısa müddətdə çataraq yüksək peşəkarlıqla tibbi xidmət göstərir. Təcili Tibbi Yardım şöbəsinin tibb personalı çağırış ünvanında portativ aparatlarla USM, EKQ və laborator müayinələri həyata keçirir. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi 7/24, ilin 365 günü işləyərək təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə hər zaman hazırdır. Təcili tibbi yardımın çağırış nömrəsi 905-dir.