Bakı. Trend:
İnfeksiyaların alovlanmaları zamanı əhaliyə qapalı məkanlarda maska geyinmək və s. kimi tövsiyələr olsa da, daha sərt tədbirlərin görülməsinə ehtiyac olmayacağı güman olunur.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
"Azərbaycanda EG.5 alttipinin olması barədə rəsmi məlumat yoxdur. Beləliklə, koronavirus infeksiyası dalğalarla yayılan infeksiya kimi səciyyələnir. Növbəti dalğalar olarsa, əhali daha diqqətli olmalıdır. Qorunma tədbirləri bütün növlər üçün eynidir. Hələ ki, ölkədə epidemioloji durum nəzarət olunandır, yoluxuculuq minimal həddədir. Səhiyyə Nazirliyi və digər aidiyyatlı dövlət qurumları beynəlxalq təcrübəyə əsaslanaraq epidemioloji prosesi daim izləməkdədir və bütün mümkün qabaqlayıcı tədbirlər görülməkdədir. Bu tədbirlər çərşivəsində əhalinin kütləvi informasiya vasitələri ilə dürüst məlumatlandırılması da böyük əhəmiyyət daşıyır - deyə o,qeyd edib.