Bakı. Trend:
Ötən gün Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Evlərdə çatlar əmələ gəlib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Trend-ə açıqlamasında deyib ki, qeydə alınan yeraltı təkanlar dağıdıcı deyil.
"Çat yaranan evlər köhnə və standartlara uyğun tikilməyənlərdir. Ona görə də yüngül yeraltı təkanlarda belə divarlarda çatlar yaranır. Normal standartlara uyğun inşa edilən binalar, evlər hətta 10 bal gücündə zəlzələyə də davamlı olmalıdır".
Q.Yetirmişli bildirib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu, təbii prosesdir:
"Baş verənlər seysmogen bölgə üçün xarakterikdir. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. Narahatlığa heç bir səbəb yoxdur. Amma heç kim inkar eləmir ki, hiss olunan zəlzələlər olmayacaq. Yüngül dalğalar yenə olacaq, gözlənilir".
Qeyd edək ki, dünən Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb. Yeraltı təkanlar Ağdam, Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında hiss olunub.