...

Birinci Qarabağ müharibəsində itkin düşmüş Əli Hüseynovun nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2023 15:29 (UTC +04:00)
Birinci Qarabağ müharibəsində itkin düşmüş Əli Hüseynovun nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Otuz il əvvəl Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Hüseynov Əli Heydər oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Yağlıvənd kəndində torpağa tapşırılıb.

Trend xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.

Yaylım atəşindən sonra şəhid Əli Hüseynovun nəşinin qalıqları Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub.

Hüseynov Əli Heydər oğlu 1968-ci il avqust ayında Füzuli rayonu Yuxarı Yağlıvənd kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-cü ilin avqustunda Füzulidə gedən döyüşlər zamanı itkin düşüb. Ötən illər ərzində isə ailəsi ondan heç bir xəbər ala bilməyib. Hüseynov Əli Heydər oğlunun nəşinin qalıqları keçən il Xocavənd rayonunun Edilli kəndi ərazisində tapılan 12 şəxsin basdırıldığı üçüncü kütləvi məzarlıqda aşkar edilib. Həmin məzarlıqda erməni vəhşiliyinə məruz qalan, məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə basdırılmış 12 insan qalığı tapılıb. Kəllə sümüklərində küt alət izləri, həmçinin güllə və iti alətin deşdiyi izlər müşahidə olunub. Bu faktlar onu göstərir ki, erməni qəsbkarları əsir götürdüyü azərbaycanlıları xüsusi zorakılıqla qətlə yetirib və kütləvi basdıraraq cinayət izlərini ört-basdır etməyə çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti