Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin rəy və təkliflərini nəzərə alaraq yenilənmiş Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən sürət elektrik qatarlarının hərəkət cədvəllərində 15 sentyabr tarixindən etibarən dəyişikliklər edir.
Trend Səhmdar
Cəmiyyətə istinadən bildirir ki, 8 sentyabr tarixində tətbiq
edilmiş yeni qrafik üzrə ADY-də sərnişin axınına və Bakı şəhərində
ictimai nəqliyyatda olan sıxlığa dair məlumatlar üzrə təhlillər
aparılmış, sərnişinlərin müraciətləri diqqətə alınaraq cari hərəkət
qrafikində müvafiq dəyişikliklər edilmişdir. Belə ki, Sumqayıtdan
saat 07:50-də Pirşağı istiqamətində yola düşən qatarının
hərəkətinin 15 sentyabr tarixindən etibarən bərpasına qərar
verilmişdir. Sözügedən qatarın bərpası ilə əlaqədar olaraq hərəkət
qrafikində bir sıra dəyişikliklər edilmişdir.
Yeni qrafikə əsasən Sumqayıtdan saat 06:35-də, Bakıdan isə saat
07:30-da Xırdalan istiqaməti ilə, Sumqayıtdan saat 08:15-də Pirşağı
istiqaməti ilə yola düşən reyslər ləğv edilərək əvəzində
Sumqayıtdan saat 07:50-də Pirşağı istiqaməti ilə yola düşüb Bakıya
saat 08:42-də çatan qatarın hərəkəti bərpa edilir.
Ləğv edilən reyslərlə bağlı bildirilir ki, Sumqayıtdan saat
06:35-də yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən
qatardan istifadə edən sərnişinlər alternativ olaraq Sumqayıtdan
saat 06:20 və 06:45-də yola düşən qatarlarla səfərlərini həyata
keçirə biləcəklər.
Bakıdan saat 07:30-da yola düşən və Xırdalan istiqaməti ilə hərəkət
edən qatardan istifadə edən sərnişinlər isə alternativ olaraq
Bakıdan saat 07:20-də yola düşən qatarlarla səfərlərini həyata
keçirə biləcəklər.
Yenilənmiş hərəkət cədvəlini www.ady.az ünvanından, Bakı Dəmiryol
Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün
stansiya və dayanacaqlardan, elektrik qatarların monitorlarından,
həmçinin sosial media hesablarımızdan əldə etmək mümkündür.
Bir daha qeyd edirik ki, ADY mütəmadi olaraq rəy və təkliflərin
öyrənilməsi üçün sərnişinlər arasında sorğu keçirir, rəsmi
hesablara, 18 22 Çağrı mərkəzinə daxil olan hər bir müraciət
diqqətə alınaraq xüsusi araşdırılır. Bütün bunların nəticəsi olaraq
xidmət səviyyəsinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin
olunması istiqamətində vaxtaşırı operativ addımlar atılır.