Bakı. Trend:
Bu gün bizim doğma diyara Laçına qayıtmağı bizə yaşatdığı üçün Prezidentimizə minnətdarıq.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Asif Baxışov deyib.
Onun sözlərinə görə, 47 yaşında Laçından çıxıb. Laçın azad edildikdən sonra iki dəfə Laçını ziyarət edib. İndi isə yaşamağa gedir.
"Ziyarətə getdiyim hər dəfə Füzulidən, Horadizdən keçib Laçına çatana qədər onun torpağını öpəndə xəyalımdan keçirmişəm ki, bu torpaqların hər bir qarışında bizim şəhidlərimizin qanı var. Ona görə ehtiyatla hərəkət etməliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Ali Baş Komandanımıza təşəkkür edirik ki, biz bu gün sevinclə, gülə-gülə öz doğma yurdumuza qayıdırıq.
Mənim 78 yaşım var. Yaddaşımdan iki nüans heç vaxt silinməyəcək. Bu iki nüansı yaşadığım illərdə gələcək nəsilə deməyi özümə borc bilirəm. Birincisi separatçıların “liderləri”nin qolu-qandallı, başıaşağı şəkildə Bakıya gətirilməsidir. İkincisi isə ən çox arzuladığımız Xankəndidə 8 noyabr - Zəfər Günündə paradın keçirilməsidir. Bu unudulmaz gündür ”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün də daxil olmaqla Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.