Bakı. Trend:
Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.
O qeyd edib ki, Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi tarixi hadisədir.
“Bu gün həmin ərazilərin vaxtilə dəyişdirilməsi ilə əlaqədar addımları da müzakirə edəcəyik. Ağdərənin yenidən Azərbaycana qayıtması xalq və dövlət olaraq növbəti uğurumuzdur.
Onu da qeyd edim ki, 2026-cı ilə qədər 150 mindən artıq insan doğma yurduna qayıdacaq. Eyni zamanda azad edilən ərazilərdə bərpa quruculuq işləri bu gün də sürətlə davam edir”, - deyə o, əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.