...

Baş həkim qəzaya düşmüş PFL rəhbərliyinin son vəziyyətini AÇIQLADI

Cəmiyyət Materials 16 Dekabr 2023 15:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının 6 əməkdaşı Bakıda yerləşən Liv Bona Dea Hospitalına gətirilib.

Trend xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi və ürək-damar cərrahı Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, xəsarət alanlardan ikisinin tibbi vəziyyəti kritikdir:

“Günorta saatlarında xəstəxanamıza altı nəfər avtoqəza keçirmiş şəxs daxil olub. Bunlardan PFL prezidenti Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, qurumun vitse-prezidenti Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib.

E.Səmədovla A.Şahgəldiyevin tibbi vəziyyəti digərlərinə nisbətən daha kritikdir. Hər ikisi hazırlıqlardan sonra əməliyyata alınacaq. Neyrocərrahiyə, plastik cərrahiyə və ortopediya-travmotologiya hakimlərinin hamısı komanda halında bu iki xəstə üzərində əməliyyat icra edəcək. Digər xəstələrə ilkin tibbi müdaxilələr olunub. Vəziyyətləri sabitdir. Onlar stasionara yatırılıblar”.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti