Bakı. Trend:
Azərbaycanın avtomobil yollarında "elektron tərəzi"lərin sayının artırılması planlaşdırılır
Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Elektron tərəzilərin quraşdırılması nəticəsində bütün yollara nəzarət etmək mümkün olacaq. Avtomagistrallarda tərəzilərin quraşdırılması yeni layihədir. Onlara əsasən keçən yük avtomobillərinin çəkisini müəyyən etmək olar. Üç nöqtədə artıq işlər başa çatıb. Gələn il avtomobil yollarında 31 nöqtədə 51 ədəd bu cür tərəzinin quraşdırılması planlaşdırılır", - deyə o qeyd edib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə yük daşımaları 106,2 milyon ton olmaqla yük daşımalarının ümumi həcminin 57,1 faizini təşkil edib. Avtomobil nəqliyyatı ilə yük daşımaları 2022-ci ilin analoji dövrü ilə müqayisədə 5,2 faiz artıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımaları 186,2 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 5,4 faiz çoxdur.
(Tərcümə: Rəna Əbdürəhmanova)