Bakı. Trend:
25 dekabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalının 15
illik yubiley günü Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl
Əfəndiyev, Elmi Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov
,Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev,
Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, şöbə rəisləri və
əməkdaşlar Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin
məzarını ziyarət ediblər, dahi şəxsiyyətin məzarı önünə tər
çiçəklər qoyublar, Ulu öndərin xatirəsini ehtiramla yad
ediblər.
Sonra nümayəndə heyəti Ulu öndərin ömür-gün yoldaşı, görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini
ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar. Görkəmli
dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan
Əliyevin də məzarları üzərinə gül dəstələri düzüblər.
Müstəqil dövlətimizin memarı və qurucusu olan Ümummilli lider Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafında çox böyük əməyi və əvəzsiz rolu olmuşdur. Ulu öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vuğulamışdır.