Bakı. Trend:
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start veriləcək.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən xəbərə görə, 13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili üzrə “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq edilərək ictimaiyyətə təqdim olunub. Siyahı 15 prioritet ixtisas sahələri üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla, ümumilikdə 3993 təhsil proqramını əhatə edir. Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlərin universitetlər üzrə "Top10”-da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə, eyni zamanda, bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulub.
“2022-2026-cı illər üzrə Dövlət Proqramı”na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqrama müraciət portal.edu.az şəxsi kabineti üzərindən həyata keçiriləcək.
“2022-2026-cı illər üzrə Dövlət Proqramı”na müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər. Tələb olunan sənədlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: https://shorturl.at/cgsPQ
Qeyd edək ki, “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.