Bakı. Trend:
Metronun tikinti planı müşahidə şurası tərəfindən təsdiqlənib.
Trend xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov “Dəyişməyən dəyərlər və dəyişən imkanlar” mövzusunda elmi-praktiki konfransda deyib.
O qeyd edib ki, plana əsasən, 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur.
“Bakı şəhərinin baş planı ilə metropolitenin planları üst-üstə düşür. Baxmayaraq ki, Moskva, Barselona kimi şəhərlərin baş planı yoxdur, amma Bakının baş planı var”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün “Dəyişməyən dəyərlər və dəyişən imkanlar” elmi-praktiki konfransı keçirilib. Konfransda “Bakı Metropoliteni”nin keçdiyi inkişaf yolu və gələcək planlar barəsində məlumatlar verilib. Konfrans işini panel müzakirələrlə davam etdirib.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Bakı Metropoliteni” QSC Müşahidə Şurasının üzvü Samir Məmmədov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, “Bakı Metropoliteni” QSC-nin İstehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov və digər rəsmi şəxslər iştirak ediblər.