...

Türk Mədəniyyəti və İrsi Fondu yeni layihəsini - “TURK DISCOVERY” "Youtube" kanalını təqdim edir

Cəmiyyət Materials 29 Mart 2024 14:49 (UTC +04:00)
Türk Mədəniyyəti və İrsi Fondu yeni layihəsini - “TURK DISCOVERY” "Youtube" kanalını təqdim edir

Bakı. Trend:

Qədim zamanlardan Türk ölkələrinin və xalqlarının tarixi keçmişində çoxlu təmas nöqtələri olmuş və bu, oxşar mədəniyyətin, adət-ənənələrin təzahürünə yol açmışdır. Bizim ortaq köklərimiz, zəngin irsimiz - dastanlarımız, dahi şəxsiyyətlərimiz, adətlərimiz, musiqimiz, ədəbiyyatımız var, ən əsası isə bütün bunlar dünya mədəniyyəti xəzinəsində özünə yer tapmaqdadır. Məsələn, Macarıstanda Türk izləri, Azərbaycanda skif-sak irsi, Qazaxıstanda “Qızıl adam” xəzinələri, Türkiyədə Osmanlı imperiyasının yüksəlişi, Özbəkistanın qədim mədəniyyətə malik şəhərləri, ümumtürk ədəbiyyatının incisi sayılan Qırğızıstanın “Manas” dastanı və s.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu qiymətli irsi gələcək nəsillərə ötürmək bizim borcumuzdur. İnsanların mənəvi zənginləşməsi üçün mədəniyyətə ehtiyacı olduğu kimi, mədəniyyətə də qayğı və mühafizə ilə yanaşmaq lazımdır. Yeni nəsillər bunu bilməli, mənimsəməli, fəaliyyətlərində ona əsaslanmalıdırlar.

Missiyası zəngin Türk mədəni irsinin tədqiqi, araşdırılması, qorunması olan Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılmış gənc təşkilatdır. Macarıstan təşkilata müşahidəçi ölkə kimi qoşulub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın qeyd etdiyi kimi: “Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyət göstərdiyi müddət ərzində Türk xalqlarının zəngin tarixin, milli-mənəvi dəyərlərin təbliği sahəsində bir çox müxtəlif layihələr həyata keçirib. Təşkilat kitablar nəşr edir, görkəmli tədqiqatçı alimlərin iştirakı ilə konfranslar, dəyirmi masalar, sərgilər keçirir, həmçinin Türk Dünyasının maddi mədəniyyət abidələrinin bərpası sahəsində işlər aparır.

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi Türk Dünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və milli dəyərlərinə dair proqramların, verilişlərin, sənədli filmlərin yayımlanacağı “Turk Discovery” YouTube platformasının yaradılmasıdır. Bu genişmiqyaslı layihə Türk xalqlarının sərvətlərinin qlobal auditoriyaya çatdırılmasına töhfə vermək məqsədilə həyata keçirilir. Bu, müasir və effektiv yanaşmadır, çünki biz dinamik inkişaf edən dünyada yaşayırıq. Xüsusi vurğulamaq istərdim ki, Fond YouTube platforması ilə yanaşı, TikTok, Instagram, Facebook və s. kimi onlayn platformalarda Türk ölkələrinin maddi-mənəvi dəyərlərinin təbliğinə yönəlmiş məzmunu fəal şəkildə təbliğ edir. Əminəm ki, tamaşaçılar “Turk Discovery”ni böyük maraqla qarşılayacaqlar”.

Layihənin rəhbəri və “siması” Fondun dəvəti ilə tanınmış Qazaxıstanlı jurnalist Maya Bekbayevadır. Maya Bekbayevanın komandası uzun illərdir tarixə dair sənədli filmlər hazırlayır.

“Turk Discovery” layihəsinin ilk buraxılışı “Novruz – qədim türk bayramının dirçəlişi” sənədli filmidir (Filmə “Turk Discovery” layihəsinin rəsmi YouTube kanalında https://youtu.be/XhtnEcaG4hA?si=LsKqnUKY5A_5Tlw5 linkindən baxmaq olar).

Filmin elmi rəhbəri və ssenarisinin həmmüəllifi Azərbaycanın dövlət və siyasi xadimi, diplomat, alim, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndəsi Həsən Həsənovdur. Çəkiliş qrupu Özbəkistan, Qırğızıstan və Azərbaycanda olub. Çəkilişlərin əksəriyyəti Bakı şəhərində və Azərbaycanın əhəmiyyətli tarixi yerlərində aparılıb. Filmdə hər bir Türk ölkəsində Novruz bayramının özünəməxsus, fərqli xüsusiyyətləri göstərilir. Layihənin məqsədi Türk xalqları arasında həmrəyliyi daha da gücləndirməkdir.

Layihə komandası maraqlı və keyfiyyətli məzmun yaratmaq üzərində işləməyə davam edir. Hazırda Mahmud Kaşqarinin Türk ləhcələrinin toplusu olan "Divani lüğət it-türk" adlı əsərindən bəhs edən sənədli film hazırlanır. Qeyd edək ki, bu toplunun 950 illiyi 2024-2025-ci illər üzrə YUNESKO çərçivəsində qeyd olunur.

Xəbər lenti

Xəbər lenti