Bakı. Trend:
Hökumət Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.
Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin "“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyi Xidmətlə və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Xidmətin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində onun nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatına dair təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq,
Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində
normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ
hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və
icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana
uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
verməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.