...

Milli standartlaşdırma proqramının formalaşdırılması qaydası müəyyənləşdi

Cəmiyyət Materials 29 May 2024 17:24 (UTC +04:00)
Milli standartlaşdırma proqramının formalaşdırılması qaydası müəyyənləşdi
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası təsdiqlənib.

Trend-in xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Milli standartlaşdırma qurumu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsdir. Milli standartlaşdırma proqramı dövlət standartlarının hazırlanması işlərinin planlaşdırılması məqsədilə milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən proqramdır. Milli standartlaşdırma qurumu tərtib edilməli olduğu il iyunun 1-dək milli standartlaşdırma proqramının (bundan sonra – Proqram) formalaşdırılması haqqında qərar qəbul edir və növbəti 5 (beş) iş günü müddətində bu barədə məlumatı standartlaşdırma subyektlərinin tanış olması üçün özünün rəsmi internet saytında yerləşdirir.

Proqramın layihəsi aşağıdakılar əsasında formalaşdırılır:

- Azərbaycan Respublikasının normativ hüquqi aktlarından irəli gələn tələblər;

- standartlaşdırma üzrə texniki komitələrin iş planları;

- aidiyyəti dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərin təklifləri (sifarişləri);

- Azərbaycan Respublikasının texniki reqlamentlərinin əsas tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə qəbulu nəzərdə tutulmuş istinad edilmiş standartlar;

- milli standartlaşdırma qurumu, səlahiyyətinə standartlaşdırma obyektləri daxil olan dövlət orqanları (qurumları) və standartlaşdırma üzrə texniki komitələr tərəfindən standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılmasının nəticələri;

- Azərbaycan Respublikasının üzvü olduğu beynəlxalq və regional standartlaşdırma təşkilatları tərəfindən qəbul edilmiş standartlar əsasında dövlət standartlarının qəbulunun zərurəti.

Proqramın layihəsi milli standartlaşdırma qurumu tərəfindən tərtib edilməli olduğu il oktyabrın 15-dək formalaşdırılır. Proqramın layihəsinə aşağıdakılar daxildir:

- standartların beynəlxalq təsnifat kodu;

- standartların layihələrinin adı;

- standartın işlənilməsi üçün əsas;

- əsas normativ baza;

- işin icra müddəti;

- maliyyə mənbəyi;

- təklif verən sifarişçi təşkilatın adı;

- xarici iqtisadi fəaliyyətin mal nomenklaturası.

Milli standartlaşdırma qurumu Proqramın layihəsini rəy və təkliflərin təqdim edilməsi məqsədilə bu Qaydada nəzərdə tutulmuş tarixdən 5 (beş) iş günü müddətində texniki komitələrə və aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir. Texniki komitələr və aidiyyəti dövlət orqanları (qurumları) Proqramın layihəsinə dair rəy və təkliflərini onlara daxil olduğu gündən 15 (on beş) iş günü müddətində bildirirlər. Bu müddət ərzində münasibət bildirilmədikdə layihə razılaşdırılmış hesab olunur.

Milli standartlaşdırma qurumu Proqramı tərtib edildiyi il dekabrın 15-dək təsdiq edir və özünün rəsmi internet saytında dərc edir. Proqramın icrasına növbəti il yanvarın 1-dən başlanılır.

Proqramda dəyişikliklər il ərzində bu Qaydada qeyd edilmiş əsaslar üzrə daxil olmuş təkliflər (sifarişlər) nəzərə alınmaqla həyata keçirilir. Proqramda dəyişikliklər dedikdə, mövcud Proqramın mətnində düzəlişlər edilməsi və yeni standartların qəbul olunmasına dair Proqrama əlavələr edilməsi nəzərdə tutulur. Təkliflər (sifarişlər) yeni standartın qəbul olunmasının aktuallığını və ya mövcud Proqramda dəyişiklik edilməsini əsaslandıran müraciətdən ibarət olur. Milli standartlaşdırma qurumu 6 (altı) ayda bir dəfədən az olmayaraq Proqram üzrə görülmüş işlər barədə məlumatları öz internet saytında yerləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti