Bakı. Trend:
Azərbaycanda dayanma və durma ilə bağlı yeni qayda müəyyən
edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna
dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər,
mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri
istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət
hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya
durması qadağandır.
Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna
olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında
dayanmasına icazə verilmir. Eyni zamanda taksi minik avtomobili
olmayan nəqliyyat vasitələrinin 5.14 nişanı ilə işarələnmiş duracaq
yerlərində dayanmasına yol verilmir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.