Bakı. Trend:
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən #CodeForFuture layihəsi 2021-ci ildən etibarən İT sahəsində təhsil alan universitet tələbələrinin bilik və bacarıqlarını artırmaq məqsədilə müxtəlif tədbirlər təşkil edir. Bu innovativ layihənin əsas məqsədi tələbələri zəruri avadanlıq və materiallarla təmin edərək onların inkişafına dəstək olmaq, Azərbaycanın sürətlə inkişaf edən texnoloji ekosistemini yüksək ixtisaslı işçi qüvvəsi ilə təmin etməkdir.
#CodeForFuture layihəsi çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ölkənin qabaqcıl ali təhsil müəssisələrindən 4 800 tələbəyə dəstək göstərilib. Bakı ilə yanaşı, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə regionlarda da, o cümlədən Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universitetində uğurla davam etdirilir.
#CodeForFuture təşəbbüsünün uğurunda rol oynayan əsas amillərdən biri də “Code Academy” və “Algoritmika” kimi tədris mərkəzləri ilə əməkdaşlıqdır. Bu mərkəzlər tələbələrə “full-stack” proqramlaşdırma, keyfiyyət təminatı mühəndisliyi, sistem administrasiyası, İT dəstəyi (Helpdesk), kibertəhlükəsizliyin əsasları və “AutoCAD”, “Solidworks” kimi “CAD” proqramlarına dair keyfiyyətli dərslər təklif edirlər. Təqdim olunan proqramlar qabaqcıl İT bilik və bacarıqlarını akademik kurikuluma inteqrə edir. Bunlarla yanaşı, layihə çərçivəsində ölkənin rəqəmsal savadlılığını artırmaq məqsədilə müəllimlər üçün də təlimlər keçirilir.
Hazırda #CodeForFuture layihəsi müasir İT bacarıqlarını öyrənmək istəyən tələbələri cəlb edərək böyüyür və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verən yeni nəsil peşəkarları yetişdirir, onların potensialını maksimum dərəcədə istifadə etməyə imkan tanıyır.