Bakı. Trend:
Azərbaycanda iqlim dəyişikliyi mövzuları tədris proqramlarına inteqrasiya olunacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev Bakıda keçirilən “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində beynəlxalq konfransın son gününün açılış mərasimində deyib.
Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə təhsilin rolu böyükdür.
"Əhalinin, xüsusilə gənclərin və uşaqların maarifləndirilməsinin ən yaxşı yolu təhsil müəssisələri vasitəsilədir. Orta və ali məktəblərdə bu istiqamətdə konkret addımlar atılmalıdır. 2024/2025-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olanların sayı artmaqla yanaşı, iqlim dəyişikliyi ilə bağlı ixtisaslara maraq da yüksəlib.
Tədris proqramlarına mütəxəssis hazırlığını gücləndirmək məqsədilə dəyişikliklər ediləcək. Biz gəncləri "yaşıl" bacarıqlara öyrətmək üçün strategiya hazırlamalıyıq və bu prosesdə təhsil və elmi müəssisələr aktiv iştirak etməlidir", – o bildirib.