Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Qaraqurtlu kəndində səyyar qəbul keçiriblər.
Qəbulda Qaraçı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qaraqurtlu, Hacıqurbanoba, Çığatay, Gülalan, Çaxmaqlı, Laman və Qaraqaşlı kəndlərinin sakinləri iştirak edib.
Sakinlər yolların təmiri, çirkab su xəttlərinin çəkilməsi, çaylarda sahilbərkitmə işlərinin aparılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Səyyar qəbuldan sonra Qaraqurtlu kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və sakinlər kənd ərazisinə yeni ağaclar əkiblər.