...

Bakıda “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 16 Oktyabr 2024 13:10 (UTC +04:00)
Bakıda  “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, eləcə də, tələbələrin iştirak edəcəyi konfrans çərçivəsində panel sessiya təşkil olunub.

Panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin, kadr təyinatında gender balansının qorunması mövzularında müzakirələr edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, su iqtisadiyyat, sosial rifah və ərzaq təhlükəsizliyi üçün qiymətli resursdur.

O qeyd edib ki, dünyada təmiz suya əlçatanlıq böyük problemdir.

“Bu problemdən qadınlar çox böyük əziyyət çəkir. Sudan səmərəli istifadə yalnız qadınlara məxsus bir hal deyil. Biz bu bərabərsizliyi aradan qaldırmaq niyyətindəyik.

Azərbaycanda təmiz suya əlçatanlığın artması üçün bir sıra tədbirlər görülür. Suya əlçatanlıq çox vacib ictimai məsələdir. Ailədə suyun əsas tənzimləyicisi olan qadınlar artıq dövlət qurumlarında suyun idarə edilməsində, bu haqda qərar verilməsində daha aktiv iştirak edirlər. Məqsədimiz bütün vətəndaşların su ehtiyatlarından bərabər faydalanmasıdır”, - deyə o bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, suyun ədalətli paylanması hər kəsin fundamental hüququdur.

O qeyd edib ki, Azərbaycanda təmiz suya əlçatanlıq arzuolunan səviyyədə deyil.

“Niyə bilmirəm, lakin keçmişdən bu yana suyu toplamaq, saxlamaq qadınların öhdəliyinə verilib. İndi isə zaman fərqlidir. Suya qənaət etmək, saxlamaq yalnız qadının öhdəliyində deyil.

Əlbəttə ki, qadınların su resursları haqqında qərarların qəbulunda iştirak etməsi müsbət nəticələr verilə bilər. Lakin onlar peşəkar mütəxəssis olaraq yetişdirilməlidir.

COP29 isə bu istiqamətdə bizə həll yolları tapmağa imkan verəcək. Bu tədbir nəinki Azərbaycana, bütün bəşəriyyətə öz töhfəsini verəcək”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti