Xankəndi. Trend:
Bu, mənim Qarabağa ikinci səfərimdir. İki il öncə Şuşada olmuşdum və yadımdadır ki, o zaman Xankəndiyə baxıb orada olmağı arzu edirdim.
Bu barədə Trend-ə açıqlamasında Gürcüstandan Qarabağa səfərə gələn, Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyəti muzeyinin direktor müavini Leyla Əliyeva deyib.
"Bu gün arzum yerinə yetdi. Bu torpaqlarda olduğum üçün çox sevincli, qürurluyam. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz Gürcüstanda yaşasaq da, azərbaycanlıyıq, qəlbimiz bir döyünür. Azərbaycan Prezidenti İlham Əliyevə bizə bu günləri yaşatdığı üçün minnətdarıq", - deyə o bildirib.
Qeyd edək ki, Gürcüstan azərbaycanlıların işğaldan azad olunan ərazilərə səfəri davam edir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn Gürcüstan azərbaycanlılarının üçüncü qrupunun Xankəndi şəhərinə səfəri başlayıb.
Sözügedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altı günlük nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl iki qrup azad edilmiş ərazilərə səfər edib.