Bakı. Trend:
Beynəlxalq icma Azərbaycana azad edilmiş ərazilərin minalardan təmizlənməsində daha aktiv kömək etməlidir.
Bu barədə Trend-ə “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunun rəhbəri Yves Bouvie deyib.
“Bizə dedilər ki, bu ərazilərdə təxminən 1,5 milyon mina basdırılıb. Azərbaycanlıların minalardan təmizlənmə işlərində necə fədakarcasına çalışdıqları məni heyran edir. Beynəlxalq icma bu mühüm prosesdə Azərbaycanı aktiv dəstəkləmədiyinə görə üzülürəm. İstəyirəm ki, bu istiqamətdə daha çox səylər göstərilsin”, – o qeyd edib.
Bundan əlavə, o, ərazilərin bərpasında əldə edilən əhəmiyyətli irəliləyişi vurğulayaraq, inşaatın miqyasının, xüsusilə əvvəlki ziyarətindən keçən qısa müddətə nəzərən, təsiredici olduğunu bildirib.
Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.
“Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır.
