Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Əbrəqunus kəndində İkinci Qarabağ müharibəsi şəhidi Seyidov Miryasin Mirqafar oğlunun anım mərasimində iştirak edib.
Vüqar Rəhimzadə anım mərasimində çıxış edərək bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının hər birinin həyat yolu indiki və gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.
"Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 Sentyabr tarixi Anım Günü, Qarabağın tacı Şuşanın işğaldan azad olunduğu 8 Noyabr tarixi isə Zəfər Günü kimi təsis edilib".
Çıxış edən digər natiqlər torpaqlarımızı işğaldan azad etmək yolunda canlarını fəda edən vətənpərvər oğullarımızın çağdaş tariximizin qəhrəmanları kimi həmişə ehtiramla yad ediləcəyini vurğulayıblar.
Şəhidin atası Mirqafar Seyidov mərasimdə çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailə üzvləri adından minnətdarlığını bildirib.