...

ANAMA və QDF-nin donor və tərəfdaşlarının iştirakı ilə mina probleminə həsr edilən işgüzar görüş keçirilib

Cəmiyyət Materials 30 Oktyabr 2024 12:36 (UTC +04:00)
ANAMA və QDF-nin donor və tərəfdaşlarının iştirakı ilə mina probleminə həsr edilən işgüzar görüş keçirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Oktyabrın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Qarabağ Dirçəliş Fondunun (QDF) donor və tərəfdaşlarının işgüzar görüşü keçirilib.

Trend xəbər verir ki, Böyük Qayıdış planının daha sürətli icra olunması üçün qarşıda duran ən böyük vəzifələrdən biri olan ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkil olunan tədbirdə rəsmi şəxslər, millət vəkilləri, Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyini bildirirək, bu problemin həllində hər kəsin həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib:

“Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin təşkili, Qarabağın dirçəlişi bu gün bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdən biridir.

Lakin erməni işğalçıları tərəfindən həmin ərazilərdə yerləşdirilən minalar Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin daha sürətlə aparılmasına, eyni zamanda 30 il müddətində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə və gündəlik həyatlarına geri dönməsinə ciddi maneə törədir.

Qeyd olunan problemin aktuallığı və miqyasının olduqca böyük olması mina probleminin həlli üçün daha çox resursların səfərbər edilməsini, eləcə də cəmiyyətin bütün üzvlərinin bu işdə həmrəylik nümayiş etdirmələrini zəruri edir”.

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş da işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, minalardan təmizlənməsi istiqamətində də həyata keçirilən işlərə dövlət qurumları ilə yanaşı şirkətlər tərəfindən də dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edərək ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, partlayıcı qurğularla kütləvi şəkildə çirklənmənin miqyası, mövcud problemin insanların sağlamlığına, yaşam mühitinə, ətraf mühitin çirklənməsinə təhlükə yaratması, eləcə də bu problemin aradan qaldırılması istiqamətində aparılan genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib.

Həmçinin, mina və müharibənin digər partlayıcı qalıqları probleminin həllinə nail olmağın kollektiv səy və möhkəm tərəfdaşlıq tələb etdiyini diqqətinə çatdırıb və bu sahədə dəstək göstərən tərəfdaşlara minnətdarlıq ifadə edib.

Çıxışlardan sonra işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədi ilə “Azərlotereya” ASC tərəfindən alınmış üç minaaxtaran it QDF-in vasitəçiliyi ilə ANAMA-ya ianə edilib. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanova bununla bağlı sertifikatları Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş təqdim ediblər.

Tədbirdə QDF-in fəaliyyətinə verdikləri dəstəyə görə “Azərlotereya” ASC-yə, “Caspian Event Organisers” və “R Group Holding” şirkətlərinə Fond tərəfindən xüsusi “Təşəkkür sertifikatı” təqdim olunub.

Qeyd edək ki, tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, keçən il yerli sahibkarlar tərəfindən alınaraq QDF vasitəsilə ANAMA-ya ianə edilən “Revival P” minatəmizləmə maşını və ANAMA-nın fəaliyyətinə həsr olunan videoçarxlar da tədbir iştirakçılarına nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti