...

Ali Məhkəmə məhkum tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair mühüm qərar qəbul etdi

Cəmiyyət Materials 14 Yanvar 2025 12:39 (UTC +04:00)
Ali Məhkəmə məhkum tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair mühüm qərar qəbul etdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, məhkum İmişli Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmlə zərərçəkmiş şəxslərin mülki iddiaları təmin edilərək 5400 manat pulun və 17200 manat pulun məhkum edilmiş şəxsdən alınıb zərərçəkmiş şəxslərə ödənilməsi qərara alınıb.

Sonra məhkum ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək hökmə əsasən təmin edilmiş mülki iddianın bir dəfəyə ödənilməsi üçün maddi imkanının olmadığını, bu səbəbdən ödənilməli pul məbləğlərinin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş edib. İmişli Rayon Məhkəməsinin qərarı ilə məhkumun ərizəsi təmin edilməmiş və məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cinayət-prosessual qanunvericlikdə mülki iddianın hissə-hissə icra edilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır və bu səbəbdən məhkumun müraciətinə baxılması mümkün deyil. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılıb.

Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə hesab edib ki, CPM-in 509.1.9 və 510.3-cü maddələri Konstitusiyanın 25 və 60-cı maddələrinin, eləcə də CPM-in 179.2 və MPM-in 231-ci maddələrinin tələblərinə uyğun olaraq tətbiq edilməli və məhkumun məhkəmə hökmü ilə müəyyən edilmiş mülki iddia məbləğinin hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququ tanınmalı, bu növ müraciətlərə baxılarkən işin halları ətraflı araşdırılmalı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının tam icrasına nail olmaq məqsədi ilə icra zamanı tətbiq edilməli olan prosedurların həyata keçilməsi ilə bağlı müraciətlərə həssas yanaşılmalı, məhkumun maddi imkanı mülki iddia məbləğinin birdəfəyə ödənilməsinə imkan vermədiyi təqdirdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasız qalması nəticəsində yaranan etimadsızlığın qarşısını almaq məqsədi ilə hissə-hissə icra institutunun tətbiqi məsələsi də müzakirə mövzusu olmalıdır.

Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarına əsasən, məhkumun kassasiya şikayəti qismən təmin edilib, apellyasiya məhkəməsinin qərarı məhkumun kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və material Ali Məhkəmənin qərarında ifadə olunmuş mövqeyə uyğun olaraq apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti