Bakı. Trend:
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilir.
Trend xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsində göstərilib ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin üçüncü-beşinci hissələri müvafiq olaraq dördüncü-altıncı hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə, Zəfər Günündə və Azərbaycan Respublikasında Anım Günündə daşıya bilərlər”.