Bakı. Trend:
Azərbaycan müxtəlif sahələrdə BMT strukturlarından dəyərli texniki dəstək alır
Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda keçirlən tədbirdə çıxışında bildirib.
“Bizim ölkə 2030-cu ilin gündəmində nəzərdə tutulan dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün müxtəlif sahələrəd BMT strukturlarından dəyərli texniki dəstək və ekspert konsultasiyası alır, həmçinin beynəlxalq təşəbbüslərdə fəal şəkildə iştirak etməklə, qlobal əməkdaşlığa olan sadiqliyini nümayiş etdirir”, -deyə o bildirib.
Y.Rəfiyev qeyd edib ki, Azərbaycan rəqabətədavamlı və inklüziv iqtisadiyyatın qurulmasına, dayanıqlı inkişafa dəstəyə, sosial rifahın yaxşılaşdırılmasına, möhkəm gələcək naminə uzunmüddətli dayanıqlığın təmin edilməsinə yönəlmiş yol xəritəsinə əməl edir.
“Bu istiqamətdə irəliyə doğru çevik addımlar atmağımıza baxmayaraq, uzun illər işğal altında olmuş ərazilərin minalardan təmizlənməsi ən böyük problemlərdən biri olaraq qalmaqdadır. Hazırda Azərbaycan minalanmanın fəsadlarından ən çox əziyyət çəkən ölkələrdən sayılır və biz bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayırıq. Azad edilmiş ərazilərdə sabit, təhlükəsiz və firavan gələcəyin qurulması üçün Dayanıqlı İnkişafın 18-ci məqsədinin irəli sürülməsi təşəbbüsünü dəstəkləyirik", – deyə o bildirib.